Loading

YAP son 30 ildə Cənubi Qafqazda qurulan ən böyük və nüfuzlu siyasi partiyadır.

Əslində müstəqilliyimizin ilk illərində yaşadığımız hərci-mərclik dövlətimiz və millətimiz üçün nə qədər çətin və təhlükəli olsa da,  bizə xalq olaraq xilas yolunu öyrətdi. Xalq anladı ki, sözün əsl mənasında müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindi, müstəqil və güclü dövlətə sahib olmaq üçün güclü lider lazımdır. Biz xoşbəxt xalqıq ki, məhz lazımi anda güclü lider  – Heydər Əliyev kimi dahi şəxsiyyət xalqın yanında oldu. Xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından  sonra bütün bu xaosa, ölkəni tənəzzülə aparan hərc-mərcliyə son qoyuldu, Azərbaycan sözün əsl mənasında müstəqil dövlətə çevrildi. Həmin andan bu günə kimi Azərbaycanın qazandığı uğurlarda Yeni Azərbaycan Partiyasının böyük rolu var.

Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır, “dünənin, bu günün və sabahın partiyası”dır. Yeni Azərbaycan Partiyasının böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki, onun sıraları ildən-ilə genişlənir. YAP artıq ölkəmizin deyil, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır.

Heydər Əliyev hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi dönməz və sarsılmaz etdi, Azərbaycan daim inkişaf yolu ilə inamla irəlilədi, onun  sədrliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası isə Azərbaycanın inkişaf yolunda aparıcı siyasi qüvvə rolunu oynadı. Yeni Azərbaycan Partiyası yaranan andan onun  əsas məqsədi Azərbaycan xalqına xidmət etmək, xalqın rifahını qaldırmaq,  Azərbaycanı güclü dövlətə çevirmək idi. YAP-ın yarandığı tarixdən bu günə  ötən 30 ildən artıq müddətdə Partiyanın qurucusu Ulu Öndərin və sonrakı sədri cənab İlham Əliyevin misilsiz xidmətləri olmuşdur.

Yarandığı andan bu günə qədər Yeni Azərbaycan Partiyası hər bir qurultayı Azərbaycanın siyasi həyatında mühüm hadisə olmuşdur. 2005-ci il 26 mart tarixində keçirilmiş YAP-ın III qurultayı  xüsusi yer tutur. Məhz həmin vaxt Partiyanın yeni sədri cənab İlham Əliyev seçilmişdir. Bu mənada 5 mart 2021-ci il tarixində keçirilmiş Yeni Azərbaycan Partiyasının son- VII Qurultayının rolu da xüsusi qeyd edilməlidir. VII Qurultayda partiyamızın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edilmiş və YAP-ın yeni Nizamnaməsi təsdiq olunmuşdur. Yeni Nizamnamənin təsdiq edilməsi yol xəritəsi kimi partiyamızın gələcək fəaliyyətinin istiqamətlərini dəqiqləşdirməkdə olduqca vacibdir.

Ümumiyyətlə, YAP-ın VII Qurultayında qəbul olunmuş vacib qərarlar partiyanın fəaliyyətində müsbət mənada böyüş dəyişikliklərə səbəb olmuşdur. VII Qurultay zamanı Partiyadaxili struktur islahatları həyata keçirilmiş və bir çox mühüm təşkilati məsələlər həll edilmişdir. Bu islahatların əksəriyyəti ölkədə həmrəylik mühitinin bərqərar olunması və siyasi münasibətlərin subyektləri arasında sağlam dialoqun formalaşdırılmasına xidmət etmişdir.

Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ən çox üzvə sahib siyasi qüvvə kimi ölkədə həmrəylik mühitinin bərqərar olunmasına sağlam dialoqun formalaşdırılmasına hər zaman böyük töhfə verib. VII Qurultay zamanı  ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın YAP-a qoşulması barədə müraciətlərinin müsbət həllini tapması ölkədə hökm sürən bu dialoq mühitinin nəticəsi idi. Yeni Azərbaycan Partiyası həm də iqtidar partiyası kimi, iqtidar-müxalifət dialoqunun hüquq bərabərliyi şəraitində səmərəli qurulmasına xidmət edir.  2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir.

YAP-ın VII qurultayından keçən dövr ərzində Partiyanın strukturunun yenilənməsi, təkmilləşdirilmiş hüquqi bazanın yaradılması, kadr siyasətinin yenilənməsi, maliyyə dayanıqlılığının təmin olunması, ideoloji işin səmərəliliyinin artırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi böyük uğurla həyata keçirilmişdir.

Beynəlxalq əlaəqlərin genişləndirilməsini qeyd edərkən, Türkiyənin hakim partiyası Ədalət və İnkişaf Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında uzun illər davam edən əməkdaşlıq və dostluğu xüsusi qeyd etməliyik. 2021-ci il iyunun 2-də YAP və AKP arasında arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanması əlaqələrimizi daha da möhkəmləndirmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyəti idi. Partiyamızın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə biz bu hədəfə doğru gedirdik. Xalq və iqtidarın bir yumruq kimi birləşməsi nəticəsində cəmi 44 gün ərzində tarixi ədalət bərpa olundu və düşmən torpaqlarımızdan qovuldu. Əldə olunmuş tarixi Qələbə sayəsində Qarabağ, Şərqi Zəngəzur yenidən qurulur. Azərbaycanın həyatında tamamilə yeni dövrün əsası qoyuldu. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq.

 

Pikə Ağaverdiyeva,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini

Bir cavab yazın