Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurət idi.
Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasının 32 illiyindən bəhs edərkən ilk olaraq Ulu Öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” çağırışı yada düşür. Sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirən Yeni Azərbaycan Partiyası illərin sınağından uğurla çıxdı, dövrün tələbinə uyğun olaraq təkmilləşir. YAP tutduğu yola, əqidəsinə sadiq təşkilat olduğunu arxada qalan illər ərzində əməli işi, ölkədə aparılan quruculuq işlərindəki fəaliyyəti ilə təsdiqləyir.
Azərbaycan ziyalılarının-“91-lər”in müraciətinə cavabında Ulu Öndər bildirirdi ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratik prinsiplərə və siyasi plüralizmə nail olmaq üçün Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur: “Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram.”
Prezident İlham Əliyevin partiyanın VII qurultayında söylədiyi “Yeni Azərbaycan Partiyasının yaradılması zərurət idi. O vaxt, yenə də deyirəm, cəsarətli, qorxmaz insanlar açıq-aydın görürdülər ki, təzə-təzə müstəqilliyə qovuşmuş gənc ölkəmiz böyük fəlakətlə üz-üzədir və artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter almışdır. Hərbi məğlubiyyət, eyni zamanda, daxili böhranla tamamlanır. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdur” fikirləri çətin şəraitdə yarandığına baxmayaraq qısa müddətdə xalqın etimadını qazanaraq iqtidar partiyası kimi fəaliyyət göstərən YAP-ın keçdiyi yolun təqdimatı idi. Ümummilli Lider Heydər Əliyev YAP-nın ətrafında toplaşan insanlarla birlikdə ölkəni parçalanmaqdan, bölünməkdən, vətəndaş müharibəsindən xilas etdi.
32 ildə partiya Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin ictimai-siyasi sabitliyinin qorunmasına, beynəlxalq nüfuzunun artmasına davamlı töhfələri ilə diqqətdə olub. Partiyanın Proqramında əksini tapan hədəflərdən biri ərazi bütövlüyümüzün bərpası idi ki, bunu dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev reallığa çevirdi. Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciətində cənab İlham Əliyevə Özü qədər inandığını böyük əminliklə ifadə etmişdir.
1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində Azərbaycanı inkişaf etdirən, zirvələrə yüksəldən Prezident İlham Əliyevin təkmil islahatları, uğurlu siyasəti nəticəsində ölkəmiz ən islahatçı ölkələr, xalqımız dünyanın ən xoşbəxt xalqları sırasında qərarlaşdı. Bu xoşbəxtliyi 4 il bundan əvvəl dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu xalqımıza növbəti dəfə yaşatdı. Belə ki, tarixi Zəfərimiz xalqımızın yenilməz, məğrur xalq olduğunu bir daha dünyaya çatdırdı.
Cəmiyyətin avanqard qüvvəsi olan, Azərbaycanın hər bir uğurunda öz payı olan Yeni Azərbaycan Partiyasının qurultaylarında qəbul olunan qərarlar sonrakı mərhələdə ölkəmizin, partiyanın qarşısında yeni imkanlar açır, gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır, ictimai-siyasi həyatımıza yeniliklər gətirir. Partiyanın tarixi Zəfərimizin reallıqları əsasında keçirilən VII qurultayı da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Xalqın böyük etimadını, inamını qazanaraq 32 illik inkişaf yolu keçən partiyanın VII qurultayında dövlət başçısı, YAP Sədri İlham Əliyev proqram xarakterli çıxışında bir daha bildirdi ki, Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradıldı. Onun siyasi təcrübəsi, biliyi, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. “91-lər”in fəaliyyətini yüksək qiymətləndirən cənab İlham Əliyev bildirmişdir ki, təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular. Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı.
1992-ci ildən başlanan inkişaf yolu Azərbaycana davamlı uğurlar qazandırır. Artıq bu gün tarixi Zəfərimizdən və onun yaratdığı rellıqlardan bəhs edirik. Bu reallıqları qalib Azərbaycan yaradıb. VII qurultayın yeni qərarları, tarixi Zəfərimizin qarşıya qoyduğu hədəflərin uğurlu icrası gələcəyə daha böyk addımlarla irəliləməyə çağırışlar edir. Yeni Azərbaycan Partiyası bundan sonra daha da möhtəşəm uğurlara imza atacaq. Həyata keçirilən siyasətin alternativsizliyi davamlı uğurların müşaiyətçisidir. Yeni Azərbaycan Partiyasının hər bir üzvü belə monolit, dövlətə və xalqa xidməti fəaliyyətinin əsasında saxlayan, Azərbaycanın davamlı uğurlarına böyük töhfələr verən, sözlə əməl birliyinin nəticəsi olaraq cəmiyyətdə nüfuzunu günbəgün artıran partiyada təmsil olunmağı ilə qürur duyur, Heydər Əliyev ideyalarının təbliğində fəal iştirak edirlər. Bu ideyalar Azərbaycanın dünəninin, bu gününün və sabahının əsasıdır. YAP öz təşəbbüsləri sayəsində partiyalararası siyasi dialoqu stimullaşdırır. Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi YAP-ın təşəbbüsləri ilə zənginləşir. VII qurultayda qəbul olunmuş qərarlar milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi.
Anar Güllərli,
YAP Neftçala rayon təşkilatının fəal üzvü