Loading

Hərbçilərimiz “öldü var, döndü yoxdur” şüarı ilə döyüşlərə gedirdilər.

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə gündən-günə güclənən rəşadətli Azərbaycan Ordusu regionun ən güclüsünə çevrilib. Torpaqlarımızı işğal etdikdən sonra düşmən yeni təxribatlara əl atırdı. Təxribatlar nəticəsində neçə mülki əhalimiz canından oldu, neçə hərbi qulluqçumuz şəhidlik zirvəsinə yüksəldi. Lakin Azərbaycan sülhsevər dövlət olduğu üçün məsələni hər zaman sülh yolu ilə həll etmək istəyirdi. Çünki insan amilini hər şeydən öndə tuturdu.  Məğrur Vətən müdafiəçilərimiz isə onların həyata keçirdikləri təxribatlarının qarşısını asanlıqla alırdılar. Aprel döyüşləri, Günnüt əməliyyatı, Tovuz hadisələri bunun bariz nümunəsidir.

2020-ci ildə düşmən növbəti təxribata əl atdı. Bu, artıq səbrimizin son damlası oldu. İşğalçılar sentyabrın 27-də bütün cəbhə boyu ərazilərimizi iriçaplı silahlardan, pulemyotlardan və artilleriya qurğularından intensiv atəşə tutmağa başladılar. Bunun qarşısını almaq və mülki əhalimizin təhlükəsizliyini təmin etmək məqsədilə Müzəffər Ali Baş Komandanın döyüş əmri ilə rəşadətli ordumuz əks-hücum əməliyyatlarına başladı. Döyüşlərin ilk günündən etibarən məğrur hərbçilərimiz düşmənə göz açmağa imkan vermədilər. Təcavüzkar Ermənistan silahlı qüvvələri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında dura bilmədi. Hərbçilərimiz “Öldü var, döndü yoxdur” şüarı ilə döyüşlərə gedirdilər. Bu, xalqımızın qəhrəmanlığıdır və bu, onu göstərir ki, elə gözəl gənc nəsil yetişdi ki, onların bir çoxu Qarabağı, Zəngəzuru heç vaxt görməmişdilər, televiziyalarda, fotoşəkillərdə, valideynlərinin, böyüklərin söhbətlərində bu müqəddəs torpağa yaxınlaşırdılar. Ancaq onlar gəldilər və xalqımızın tarixi missiyasını şərəflə yerinə yetirdilər”.Ermənistan ordusu, eyni zamanda, mənəvi məğlubiyyətə uğradı. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Xətai rayonunda açıq səma altında yaradılan Hərbi Qənimətlər Parkına gələn hər bir insan Silahlı Qüvvələrimizin gücünü və iradəsini görür. 5 hektar ərazini əhatə edən Parkda eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
Azərbaycanın davamlı uğurları tarixi Zəfərimizdə öz sözünü dedi. 30 il işğal altında olub mənfur düşmənin vəhşiliklərinə şahidlik edən, amma tarixi sahibinə qovuşacağına ümidini itirməyən torpaqlarımızın azadlığı hər birimizi qürurlandırır.

Artıq dörd ildir bütün bayramlarımızı, o cümlədən Dövlət Bayrağı Gününü Zəfər ruhunda qeyd edirik. Qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması qürurumuz, milli kimliyimiz, sabaha doğru inamlı addımlarımızın əsasıdır.

 

Zülfəli Muradov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın