Füzuli rayonu yenidən qurulur.
Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə 17 Oktyabr – Füzuli Şəhəri Günü elan edilmişdir.
Vətən müharibəsi başa çatdıqdan, torpaqlarımız işğaldan azad edildikdən sonra cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuliyə səfərləri də məhz ilk şəhid verdiyimiz bu torpaqlar oldu. Düz 4 il əvvəl məhz bu gün Füzuli şəhəri düşmən əsarətindən azad edilmişdir. Bu əlamətdar hadisə təkcə dahi şairin adını daşıyan rayonun sakinlərində deyil, ölkəmizin hər bir vətəndaşının qəlbində böyük ruh yüksəkliyi və coşqu yaratmışdır.
Dörd il əvvəl işğalçı Ermənistanın təxribatlarına cavab olaraq, Prezident, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 27 sentyabr tarixində Vətən müharibəsi başlanmışdır. Bu gün qürur hissi ilə deyə bilərik ki, döyüşlərin ilk günündən igid əsgər və zabitlərimiz doğma torpaqlarımızın azadlığı uğrunda böyük şücaətlər və qəhrəmanlıqlar göstərmişdir. Azərbaycan əsgəri Vətən torpaqları naminə bütün maneələri ildırım sürətilə keçməyə qadir olduğunu bir daha sübut etdi. Dünya şokda idi. Bəli, Azərbaycan Ordusu bu istiqamətdə yüksək peşəkarlıq və döyüş əzmi nümayiş etdirərək, 2020-ci il oktyab-rın 17-də Füzuli şəhəri daxil olmaqla, rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərini işğaldan azad etdi. Bir daha vurğulamaq istəyirik: Bu tarixi qələbə 44 günlük şanlı savaşın gedişatında həlledici mərhələlərdən biri idi!
Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin bərpası və ora Böyük Qayıdışın təmin olunması 2021-2030-cu illəri əhatə edən yeni strateji mərhələdə Azərbaycanın əsas prioritetləri sırasında yer alır. Söhbət bütünlüklə dağıdılmış təxminən 10 min kvadratkilometr ərazinin minalardan təmizlənməsindən, şəhər və kəndlərin bərpasından, zəruri infrastruktur qurulmasından gedir. Döyüş meydanında düşməni diz çökdürən və kapitulyasiyaya məruz qoyan qalib Azərbaycan bərpa və zəruri infrastruktur quruculuğunu, Böyük Qayıdış proqramını da qısa müddətdə və yüksək səviyyədə həyata keçirmək əzmindədir. Müharibənin başa çatmasından sonra reallaşdırılan layihələr onu deməyə əsas verir ki, respublikamız işğaldan azad olunmuş ərazilərin bərpası, soydaşlarımızın məskunlaşdırılması ilə bağlı qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək. İşğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin geniş vüsət aldığı ünvanlardan biri də Füzulidir. İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Füzulidə də quruculuq-bərpa işləri müharibə başa çatandan dərhal sonra başladı. İndi də intensiv şəkildə aparılan bu işlər müxtəlif istiqamətləri əhatə edir.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdu. Füzuli əməliyyatı nəinki Azərbaycanın, həm də dünyanın hərb tarixində əlamətdar bir yenilikdir ki, bu gün də bir çox ölkənin hərbi məktəblərində maraqla öyrənilir. Cənab Prezident İlham Əliyevin siyasi iradəsi, Ordumuzun gücü, milli birliyimiz ilə azadlığına qovuşan bölgələrimizə doğru uzanan yollar, infrastruktur yenidən qurulur, illərdir əsl sahibinə həsrət qalan torpaqlartımızda şəhər, kənd və qəsəbələrimizdə həyat yenidən canlanır.
Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərə səfərləri, oraya köçürülmüş əhali ilə görüşü müntəzəm xarakter alıb. Cənab Prezident İlham Əliyevin ötən il “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü və orada etdiyi çıxış bu xüsusda da əhəmiyyətli paya sahibdir. Bu gün füzulilər, ümumilikdə xalqımız sevinclidir. Torpaqlarımızın xilaskarı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevlə fəxr edir və hədsiz qürur duyurlar. Bəli, bu gün işğaldan azad edilən bütün ərazilər, o cümlədən Füzuli öz tarixinin ən parlaq və qürurverici günlərinə şahidlik edir.
Şahin Abdiyev,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri