Prezident İlham Əliyevin pandemiya ilə qlobal mübarizədə tutduğu ədalətli mövqe beynəlxaq nümunədir.
Azərbaycan Prezidenti İlham Əliyevin istər daxili, istərsə də xarici siyasəti dünyanın nüfuzlu ölkələrinin, aparıcı beynəlxalq təşkilatların rəhbərləri tərəfindən daim yüksək dəyərləndirilir. Dövlətimizin başçısının beynəlxalq aləmdə səmərəli fəaliyyətinə verilən yüksək qiymət, habelə respublikamızın beynəlxalq əməkdaşlıqda tutduğu fəal mövqe, qlobal iqtisadi və humanitar layihələrdə liderliyi hər zaman xüsusi vurğulanır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr olunan 74-cü sessiyasında ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesusun dəvəti əsasında sessiyanın bağlanış mərasimində Prezident İlham Əliyevin videoformatda çıxışının təqdim edilməsi də bu fikrin bariz ifadəsidir.
Dünyanı cənginə alan bu dəhşətli virusla qarşılaşan ilk vaxtlardan etibarən Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. Respublikamız ÜST-nin pandemiyaya qarşı qlobal mübarizədə fəaliyyətini, eyni zamanda, bu qurumun qlobal səhiyyə sahəsində idarəçiliklə bağlı aparıcı rolunu və səylərini yüksək səviyyədə dəstəkləməklə yanaşı, adıçəkilən təşkilatla səmərəli əməkdaşlıq edib. Məhz bunun nəticəsidir ki, ÜST Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırıb.
Azərbaycanın təşəbbüsü ilə hələ 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və dekabrında isə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Respublikamız öz beynəlxalq məsuliyyətinə sadiq olaraq ÜST-ə 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. Azərbaycan, həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərib.
Prezident İlham Əliyev beynəlxalq səviyyələrdə keçirilən tədbirlərdəki çıxışlarında da hər zaman bütün dünyanı narahat edən peyvəndlərin bərabər və ədalətli şəkildə paylanılması vəziyyətinə də toxunmaqla bu dəhşətli bəla ilə dünya ölkələrinin birgə mübarizəsinin zəruriliyini diqqətə çatdırıb. Dövlətimizin başçısı bu məsələnin nə qədər mühüm əhəmiyyət daşıdığını çıxışlarında dəfələrlə vurğulayıb, eyni zamanda, peyvəndlərin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər, həmçinin ədalətsiz paylanılmasının ciddi narahatlıq doğurduğunu xatırladaraq, bir sıra dövlətlərin ehtiyacdan dəfələrlə çox peyvənd tədarük etdiyini, nəticədə peyvənd qıtlığı ilə üzləşildiyini bildirib. Azərbaycan həm də COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olub”. ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus dövlətimizin başçısına bu fəaliyyətinə görə də təşəkkürünü bildirib.
Ərəstun Əskərov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini