Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb.
Azərbaycanın bütün sahələrdə zəngin təcrübəyə malik olması beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul edilməsində əhəmiyyətli rol oynayır. Azərbaycanın irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar ölkələr, xalqlar arasında əməkdaşlıq körpüsünün daha da möhkəmlənməsinə, dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət göstərir. Noyabrın 24-də Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirildi. Son illərdə Azərbaycan bu Proqrama üzv ölkələrlə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində ciddi səylər göstərir və birliyə, həmrəyliyə davamlı töhfələr verir. Tarixi Zəfərimiz Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi olan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin daha da inkişafını şərtləndirdi. Dövlətimizin xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır”.
Azərbaycanın bu regionda yerləşən ölkələrlə münasibətlərinin yaxınlaşmasını göstərən daha bir amil qarşılıqlı səfərlərin intensivliyidir. Belə ki, son iki ildə Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə 10-dan çox səfər edib. Bu müddət ərzində bütün qardaş dövlətlərin başçıları isə ölkəmizə dəfələrlə səfərlər həyata keçiriblər. Hazırda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Tədbirdə belə bir əminlik ifadə olundu ki, bu tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq.
SPECA yarananda üzv ölkələr dövlət müstəqilliklərinin ilk addımlarını atırdılar. Həmin dövrün, eləcə də hər zamanın öz tələbi, çağırışları var. Bu çağırışların düzgün cavablandırılması hər bir ölkənin iqtisadi inkişaf strategiyasının düzgün müəyyənləşdirilməsindən asılıdır. Azərbaycanın iqtisadi strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasən müəyyənləşdirməsi hər bir çətinlikdən uğurla çıxmasında, dünyaya təkmil inkişaf modelini təqdim etməsində əhəmiyyətli rol oynayır. Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsi Azərbaycanın iqtisadi tərəqqisinin davamlılığını təmin edir. Bu uğurların əsasında isə sabitlik dayanır. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın sabitlik diyarına çevrilməsi investisiya axınının sürətləndirilməsində mühün amil oldu.
Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb. Biz ölkəmizdə əlverişli investisiya mühiti yarada bilmişik. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür, – deyə Prezindet İlham Əliyev Zirvə görüşündə bildirib.
Ərəstun Əskərov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini