Partiyadaxili münasibətləri xarakterizə edən əsas meyarlar inkişafı hədəfləyir.
Peşəkarlıq
İşgüzar münasibətlər
Şəxsi inkişaf
Sağlam rəqabət
Etik davranış və milli dəyərlər
İnnovativ inkişaf və kreativlik
Elmlilik
Müasirlik
Məhz Azərbaycan xalqının istək və arzularının ifadəsi olaraq ölkəmizin həyatında çox böyük dəyişikliklərə səbəb olan Yeni Azərbaycan Partiyasının yaranması artıq zərurətə çevrilmişdi: “Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin ifadəsi olaraq Yeni Azərbaycan Partiyasının yaranması və qarşısında duran tarixi vəzifə olduqca mühüm və çətin bir dövrü əhatə edirdi. Beləliklə, Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilib. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Bununla da müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Azərbaycan tarixinin səhnəsində Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi. Ümummilli lider Heydər Əliyevin özünün dediyi kimi YAP “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi”.
Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edib: “Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib. 5 mart 2021-ci il tarixində keçirilmiş YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Hazırda YAP-ın 720 830 üzvü var. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Sözügedən təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşmışdır. Güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı üçün YAP hakim partiya olaraq öz siyasətini adekvat olaraq qurur. Dövlətin siyasi prioritetləri və beynəlxalq əməkdaşlıq vektoru milli maraqlar əsasında müəyyən olunur. Beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda tərəfdaş qazandırıb. Siyasi dialoq ideoloji fəaliyyətin önəmli istiqamətidir. YAP öz təşəbbüsləri sayəsində partiyalararası siyasi dialoqu stimullaşdırır. Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi YAP-ın təşəbbüsləri ilə zənginləşir. Partiyanın yeni Proqramı YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmişdir. Partiyadaxili münasibətləri xarakterizə edən əsas meyarlar bunlardır: peşəkarlıq, işgüzar münasibətlər, şəxsi inkişaf, sağlam rəqabət, etik davranış və milli dəyərlər, innovativ inkişaf və kreativlik, elmlilik, müasirlik. YAP dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühiti daim təşviq edir. Açıq və etibarlı münasibətlərin bərqərar olunmasına xidmət edən islahatlar formalaşan yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir. İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir. YAP Ümummilli Liderin siyasi ənənələrinə söykənərək “daim yenilənmə, daim dəyişmə və daim inkişaf etmə” kursunu ardıcıl olaraq davam etdirir. Beləliklə, müstəqillik dövrünün tarixi, yaşadığımız hər bir gün Ulu Öndərin söylədiyi müdrik bir kəlamı – “zaman hər şeyi öz yerinə qoyur” ifadəsini bir daha təsdiq edir.
Yalçın Səfərov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri