Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir.
Ötən il mən Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfər etmişəm. Hər səfərimdə Özbəkistanda hərtərəfli islahatların nəticələrinin, sosial və iqtisadi inkişafın şahidi oluram. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında çıxışında deyib. Əldə olunmuş uğurlar münasibətilə Özbəkistan rəhbərliyini səmimi qəlbdən təbrik edən dövlətimizin başçısı bildirib: “Şavkat Miromonoviç Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana edib. Bu, iki ölkə arasında qardaşlıq münasibətlərinin nə dərəcədə dərin olmasını bir daha nümayiş etdirir”.
Azərbaycan və Özbəkistan dövlət müstəqilliklərini bərpa etdikdən sonra iki ölkə arasında tarixin sınaqlarından çıxmış bağlar daha da möhkəmlənib. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri xüsusi ilə qeyd edilməlidir. Özbəkistan ölkəmizin ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Azərbaycan xalqı ən ağır dövrdə belə özbək xalqının qardaşlıq dəstəyini hiss edib. Postsovet məkanında Özbəkistan Azərbaycan torpaqlarının işğalına faktına görə Ermənistanla diplomatik əlaqə qurmayan yeganə dövlətdir. Təbii ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Özbəkistanla dövlətlərarası münasibətlərin siyasi xəttində Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin inkişafı mühüm yer tutub. 1996-cı ildə Özbəkistan prezidentinin Azərbaycana dəvət olunması və Ulu Öndərin 1997-ci ildə bu ölkəyə səfəri, imzalanmış sənədlər dövlətlərarası dostluğumuzda vacib dönəm idi. Bu gün hər iki ölkənin Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti, vahid dini dəyərlər münasibətlərə müsbət təsir göstərir. Prezident İlham Əliyevin və Şavkat Mirziyoyevin timsalında hər iki ölkə başçılarının qarşılıqlı səfərləri, keçirilən görüşlər dövlətlərarası münasibətlərin inkişafına mühüm töhfə verir.
Talıb Əhmədli,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri