Erməni xalqının bəlalarının səbəbkarları Ermənistana rəhbərlik etmiş bütün şəxslərdir.
Ölkəmizin Vətən müharibəsi zamanı göstərdiyi döyüş taktikası, istifadə olunan texnikalar bütün dünyada maraqla izlənilirdi. Xankəndidəki hərbi parad da dövlətimizin başçısı İlham Əliyev tərəfindən hərbi sahəyə göstərilən diqqət və qayğının nəticəsidir. Ordumuzun maddi-texniki bazasının zənginliyi, istifadəsində olan texnika və silah-sursatın bir hissəsi paradda əyani şəkildə nümayiş etdirildi. Hər kəs Azərbaycan Ordusunun arsenalının müasir silahlarla təchiz edildiyinin əyani şahidi oldu.
Bu gün iftixarla deyə bilərik ki, Azərbaycan Ordusu hərbi əməliyyatlar zamanı ən yüksək səviyyədə innovativ yenilikləri tətbiq edən ordudur. Vətən müharibəsində apardığımız azadlıq mübarizəsi zamanı silah-sursatını qoyub qaçan, fərarilik edən işğalçı Ermənistan ordusuna məxsus xeyli texnika və silah-sursat hərbi qənimət olaraq götürülüb. Döyüşlərdə Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnikanın xeyli hissəsi məhv edilib, saz vəziyyətdə ələ keçirilənləri isə qənimət olaraq Azərbaycan Silahlı Qüvvələrinin sərəncamına verilib. Xankəndinin əsas meydanından keçən hərbçılərimizin sıraları hər birimizdə milli qürur və iftixar doğurdu.
Prezindent, Silahlı qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Zəfəri paradında çıxışı zamanı bir sıra mətləblərə aydınlıq gətirdi. O, bildirdi ki, erməni xalqının bəlalarının səbəbkarları Ermənistana rəhbərlik etmiş bütün şəxslərdir. Onlar hesab edirdilər ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlayacaqlar. Özləri buna o qədər inanmışdılar, xarici tərəfdaşları da inandırmağa çalışırdılar ki, onların güclü orduları var, onların güclü potensialı var, güclü himayədarları var və Azərbaycan heç vaxt torpaqları hərbi yolla azad etməyə cürət etməyəcək. Onların dəyirmanına su tökənlər, bu gün də onların arxasında dayanmış bəzi ölkələr bu məsuliyyəti onlarla 100 faiz bölüşürlər. Biz isə deyirdik ki, heç vaxt bu vəziyyətlə barışmayacağıq və bunu gizlətmirdik. Bizə nə qədər deyilmişdi ki, Ermənistan-Azərbaycan münaqişəsinin hərbi həlli yoxdur. Mən isə deyirdim ki, sülh yolu ilə bu məsələ həll olunmasa, bizim başqa çarəmiz qalmayacaq və 44 gün ərzində göstərdiyimiz qəhrəmanlıq, peşəkarlıq, əfsuslar olsun ki, Ermənistan rəhbərliyinə dərs olmadı. Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi. Beləliklə, biz tarixi ədaləti bərpa etdik. 20 sentyabr 2023-cü il bizim tariximizdə qalacaq, necə ki, 8 Noyabr. Noyabrın 8-də Şuşa əməliyyatından sonra düşmən ordusunun beli qırıldı və bir gün sonra kapitulyasiya aktına imza atdı. Bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüzü tam bərpa etdik və sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdik. Bununla separatçıların kitabı bağlandı. Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları bu gün, bax, bu meydanda dayanan bizim igidlərimizdir və on minlərlə Azərbaycan hərbçiləridir. Onların qanı-canı bahasına biz bu Qələbəni əldə etmişdik”.
Aidə Dadaşova,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini