Bu gün Azərbaycan və Türkiyə dünyada böyük uğurlar əldə edən, prinsipial siyasət yürüdən ölkələr kimi tanınırlar.
İki qardaş ölkə – Azərbaycanla Türkiyə arasında olan və uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətləri bir daha onu göstərir ki, münasibətlərimiz əbədidir və heç bir qüvvə bu dostluğun, qardaşlığın qarşısını ala bilməz. Tarixin ən çətin sınaqlarından çıxmış bu birliyin, həmrəyliyin, dostluğun bariz nümunəsini bizlər bir daha 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin Ölkəmizə qarşı cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlar zamanı gördük. Qardaş ölkə tarixi Zəfərimizi- Şuşanı azad edənə qədər bir an da mənəvi, siyasi dəstəyini əsirgəmədi. Sözün əsl mənasında sinəsini bəzi nankor, ermənipərəst, dırnaqarası demokratiya carçılarına gərərək haqq işimizi dəstəklədi. Bir faktı xüsusi vurğulamaq lazımdır ki, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad edilən ərazilərimizə səfər edən ilk xarici ölkə başçısı olmaqla tarixi missiyalarını bu gün də sevə-sevə, şərəflə davam etdirirlər. Türkiyə-Azərbaycan dostluq və qardaşlığı bu gün dünyaya bir nümunə, örnəkdir. Əsrlərə bağlı olan bu birlik, dostluq və qardaşlıq münasibətləri liderlərimiz cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın sayəsində daha da inkişaf edir, möhkəmlənir. Bu ilin 12 iyun tarixində Türkiyənin 13-cü Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın ilk səfərini Şimali Kipr türk Cümhuriyyətinin ardınca Azərbaycana və sentyabrın 25-də Naxçıvana etməsi iki qardaş ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olmasının göstəricisidir. Səfər çərçivəsində səslənən bəyanatlar, imzalanan sənədlər, təməli qoyulan və gələcək prespektivlərə hesablanmış proyektlər həm də dünyaya bir mesajdır. Əminik ki, İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcəkdir. Mətbuta verilmiş bəyanatlarda Ölkə başçısı cənab İlham Əliyev Ermənistanın Naxçıvana qarşı ərazi iddiaları barədə danışaraq qeyd etdi; “Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini aparmağa başlayanda Naxçıvana qarşı da onların ərazi iddiaları var idi, burada da şiddətli döyüşlər gedirdi. Və məhz o vaxt Azərbaycanın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə , – o zaman o, Naxçıvanın başçısı idi, – Naxçıvan düşməni yerinə oturtdu və öz ərazisini qoruya bilmişdir”. Ölkə başçısı nitqində Qars-Naxçıvan dəmir yolunun inşasına dair niyyət protokolunun imzalanmasını tarixi hadisə adlandırdı. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatında Ölkəmizin son günlər ərzində düşmənə qarşı zərgər dəqiqliyi ilə həyata keçirdiyi antiterror əməliyyatlarına diqqət çəkərək bunun Azərbaycanın haqlı işi olduğunu dünyaya mesaj verdi. İki ölkə arasında olan münasibətlərin səviyyəsini nümayiş etdirən yüzlərlə, minlərlə faktlar vardır. Onlardan biri olan və bütün Türkiyənin, Azərbaycanın qüruruna səbəb olan cənab İlham Əliyevin söylədiyi; “Türkiyə burada yoxsa da, mən buradayam və sizin cavabınızı verəcəyəm” fikri qətiyyətlə demək olar ki, ən mükəmməl səviyyədə olan dostluğun, qardaşlığın nümunəsidir. Bir sözlə, Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, ümumiyyətlə, dövlət başçılarının bir-birinə “qardaşım” deyərək müraciət etmələri həm xalqlarımız, həm də dünya birliyi üçün əsl mesajdır. İki ölkə arasında olan dostluq və qardaşlıq maraqlar, mənfəətlər üzərində qurulmayıb, quru sözlərdən ibarət deyil, sözdə, əməldə, konkret fəaliyyətdədir. Bu gün öz liderlərinin sayəsində Türkiyə və Azərbaycan dünyada böyük uğurlar əldə edən, prinsipial siyasət yürüdən ölkələr kimi tanınırlar.
Mehdi Miriyev;
Neftçala rayon sakini