Azərbaycan Türkiyə qardaşlığı tarixin fərqli dönəmlərindən keçərək bu günümüzdə daha da möhkəmlənmiş, “Bir millət, iki dövlət” deyilərək birlik rəmzinə çevrilmişdir. Kökündə qardaşlıq, dostluq, birgə həyat tərzi, birgə mübarizə yolu, din, adət-ənənələri ilə birləşən, zamanın sınaqlarında bədxahlar tərəfindən nə qədər paçalanmalara, təhdidlərlə, repressiyalarla uzaqlaşdırılan, sərhədlərimizin qadağa statusu almasına baxmayaraq, xalqlarımızın qəlbində bu səmimiyyət heç də kökdən silinməmişdir. Zaman keçdikcə babalardan nəvələrə ötürülərək, “Türkün türkdən başqa dostu yox!” ifadəsinə güvənilmişdir. Bəli, biz qardaşıq. Bu qardaşlıq əbədidir. Dilimizin tərcüməyə yoxdur ehtiyacı. Ən vacibi isə el dilindən gələn aforizmlər, zərb-məsəllərlə xalqlarımızın bir kökdən qaynaqlandığı görünməkdədir. Bəs nədir bu dostluğun meyarı desək, aydın görərik ki, illərlə verilən qadağalar, təhdidlər onların eyni kökdən olmaq güvəncini azaltmamışdır. Onların qəlbində olan Vətən sevgisinin daha da artması, qardaşlıq hissinin dərinliyi, dönməzliyidır. İllərlə bu doğmalığı bilən, duyan ulularımız “Biz bir kökdən, eyni ağacın qollarıyıq”- deyə mücadilə etmişlər. Bəli, biz bir ağacın daim pöhrələnən iki qoluyuq. Və bu gün öz torpağımızda haqq savaşına birgə qoşularaq, bir-birimizə dayaq olaraq yürümək, hər daim təhlükəsizliyimizi qorumaq üçün birliyimizi “diri tutmaq” əzmindəyik. Dövlətlərimiz arasında zamanın son 100 ilində bağlanan sazişlər də təsdiq edir ki, bizim xalq öz haqq yolunu qorumaq üçün var qüvvəsi ilə çalışır. Bizim heç kəsin torpağında gözümüz yoxdur. Özümüzün olanı isə heç kəsə vermək fikrimiz ola bilməz. Qoy duysun xəstə düşüncəli mənfurlar. Bu sənədlər tarixdə qalır. Arxivlərşir. Belə sənədlərdən biri də 2021-ci ilin iyun ayının 15-də imzalanmış Türkiyə Respubikası ilə Azərbaycan Respublikası arasında strateji müttəfiqlik əlaqələri haqqında Şuşa Bəyannaməsinin bağlanmasıdır. Şuşa Bəyannaməsinə əsasən tərəflər müstəqillik, severenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edir, xarici siyasət sayəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər və bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar. Eyni zamanda Bəyannamədə tərəflərin öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirdikləri qeyd edilib. Bu istiqamətdə hər iki dövlət bir-birinə dəstək olaraq dəyərlərini qoruyacaqdır. Tərəflər Türk həmrəyliyinin daha da möhkəmlənməsi naminə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY və Türkdilli Ölkələrin Parlament Assambleyası çərçivəsində həyata keçirilən fəaliyyətlərə təkan verəcəkdir. Bəli qeyd olunan bu birlik istiqamətləri hər iki qardaş ölkənin bu istiqamətdə görmək istədiyi, görəcəyi işlərə təkan verəcəkdir. Birgə əməkdaşlıq ruhun bir nöqtəsində cəmləşirsə, həmin məkanın yəqin ki, gülüstan olacağına heç kəsin şübhəsi yoxdur. Və bu mənada bu gün dünya dövlətləri bu qardaşlığı görür, onu izləyir və qəbul edir. Onlar nümayəndə heyətləri ilə Qarabağın ayrı-ayrı bölgələrinə gedir, viran qalmış torpaqları öz gözləri ilə seyr edirlər. Güc birlikdədir. Biz birlikədə güclüyük. Bütün türk dünyası olaraq cahan içrə TURAN yolunu aydınladar, xalqlarımızın sülh, sakitlik şəraitində yaşamasına nail olacağıq. Lakin bu yolda heç zaman zəifləməməli, hər daim güclü, vətənsevər ordu ilə haqq yolumuzda sərvaxt olacağıq.
Bədirə Niftaliyeva;
Neftçala rayon sakini, ziyalı, ədib