Bu günlərdə – 6 aprel tarixində Belçikanın Brüssel şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş iki ölkə arasında davamlı sülhün əldə edilməsi üçün yekun qərarların veriləcəyi mühüm bir hadisə kimi tarixə düşə bilər. Brüssel görüşünün Bakı və İrəvan arasında 14 dekabr 2021-ci ildə keçirilən birinci raundundan yaxşı xatırlayırıq ki, Vətən Muharibəsindən sonra iki ölkə liderlərinin təkbətək görüşü sülhə töhfə verəcək əhəmiyyətli qərarların qəbul edilməsi ilə diqqət mərkəzində olmuşdu. Lakin sonradan Ermənistanın hər zamankı kimi destruktiv mövqeyi bu prosesə ciddi əngəl yaratmağa başladı. Brüsseldəki ikinci belə bir görüşün təşkili isə bölgədə daimi sabitliyin yaranması, sülh və əmin-amanlığın təmin edilməsi baxımından sonuncu dayanacaq ola bilər. İlk Brüssel görüşündə Aİ-nın prezidenti Şarl Mişel öz bəyanatında 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr üçtərəfli bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırış etmişdir ki, bu da Azərbaycanın mövqeyi ilə üst-üstə düşən məsələ idi. Bəyanatdakı daha bir mühüm məqam da o idi ki, ilk dəfə Avropa ittifaqının gündəliyinə itkin düşmüş şəxslər mövzusu salındı, və onların talelərinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olundu. O gündən bu günə 4 ay keçsə də Aİ prezidentinin qeyd etdiyi məsələ ilə bağlı Ermənistan tərəfi heç bir konstruktiv addımı ilə diqqət çəkməyib. Çox güman ki, bu səbəbdən də Brüssel görüşünün növbəti raundu üçtərəfli bəyənatlardan dövlətlərin üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi baxımından Ermənistan üçün verilən son şansdır. Eyni zamanda ölkələr arasında Sülh razılaşmasının əsas komponentlərinin məhz Azərbaycan tərəfindən müəyyən edilməsi və bunun da qarşı tərəfdən qəbul edilməsi Azərbaycanın bu prosesə də konstruktiv münasibətini bariz nümayiş etdirir. Brüssel görüşü daxil məsələnin həll edilməsi istiqamətində həyata keçirilən bütün görüşlərdə üçüncü tərəf üçün Azərbaycanla danışmaq və ya konkret addım atmaq çox asandır. Bu mənada Azərbaycanın mövqeyinin konkret olması, məsələyə ədalət prinsipləri ilə yanaşması, müzakirələrə açıq olması, ən əsası etibarlı tərəf olması ölkəmizi bu müstəvidə bir addım önə çəkir. Azərbaycan hər zamankı kimi beynəlxalq hüquqa hörmətlə yanaşır və tərəflərdən bunu tələb edir. Brüssel görüşü öncəsi Azərbaycanın qarşı tərəfə təklif etdiyi və beş kompanentdən ibarət sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Brüssel görüşünün ən mühüm nailiyyətlərindən biri tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlanması barədə razılığın əldə olunmasıdır. İnanırıq ki, bunun nəticəsi olaraq düşmən tərəfindən sərhəddə zaman-zaman yaradılan süni gərginlik aradan qalxacaqdır. Sənəddə “Dağlıq Qarabağ” ifadəsinin səslənməməsi, bu gün və dünən heç nəyə yaramayan “ATƏT-in Minsk Qrupu” həmsədrlik institutunun adının qeyd edilməməsi sırf Azərbaycanın siyasi qələbəsidir. Sözügedən faktlar onu göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış yeni reallığa əsaslanır. Qeyd edilən reallığı isə məhz azərbaycan özü yaradıb. Şübhə yoxdur ki, gec ya tez qarşı tərəf regionda əbədi sülhün bərqərar olmasında maraqlı olacaqdır. Əlbəttə ki, müstəqil siyasət yeridən, ərazi bütövlüyünə nail olan Azərbaycandan fərqli olaraq dalan dövləti olan Ermənistanın reallıqları qəbul etməkdən savayı yolu və gələcəyi yoxdur.
Rəmziyyə Nəcəfova;
Neftçala rayon sakini, ictimai fəal