Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 44 günlük Vətən Müharibəsinin başlanmasının birinci ildönümü ilə bağlı son bir neçə gündə xarici media orqanlarına artıq sayca 4 müsahibə verib. Belə ki, cənab Prezident birinci dəfə Rusiyanın “Nasionalnaya oborona” jurnalının baş redaktoruna müsahibəsindən sonra qardaş Türkiyənin “Anadolu” agentliyinin müxbirinə geniş müsahibə verdi. Ardınca Fransanın “France-24” televiziya kanalına danışan Dövlət başçımız sonuncu dəfə İspaniyanın EFE informasiya agentliyini maraqlandıran suallara dərin siyasi savad və dünyagörüşü nümayiş etdirərək cavab verdi. Müsahibələrdən aydın görünür ki, dünyanın hər iki qütbü İlham Əliyevin mövqeyini öyrənməkdə çox maraqlıdır. Bu aydın məsələdir ki, dünya Azərbaycanın 44 günlük Vətən Müharibəsindən sonrakı mövqeyi, planları, məqsədləri ilə birbaşa birinci şəxsin dilindən tanış olmaq istəyir. Bu gün dünya Cənubi Qafqazda yeni reallıqların meydana gəldiyini qəbul edir və bu regionda gələcək planlarının konturlarını cızmaq niyyətini gizlətmir. Hərçənd ki, ümumiyyətlə geosiyasi xəritəsi dəyişmiş bölgədə qərb Türkiyə və Rusiyanın çox aktiv rol aldığını qəbul edir. Son proseslər göstərdi ki, artıq regional dövlətdən bir dünya gücünə çevrilmiş Türkiyə cənubi Qafqazda böyük söz sahibinə çevrilib. Uzun müddət regionda müqayisəsiz güc sahibi olan Rusiyanın regionda Türkiyə ilə tarazlı siyasət aparması reallıqda Azərbaycana hər mənada sərf edən prosesdir. Bunun bir çox səbəbləri vardır. Əlbəttə ki, ən başlıca faktor iki ölkə arasında olan qardaşlıq, dostluq münasibətləridir. Bir məsələni xüsusi qeyd etməliyik ki, müharibədən sonra regionda yaranmış yeni reallıqlar fonunda siyasi gedişlər, beynəlxalq və regional çağırışlar, xarici siyasətimizin əsas prioritetləridir. Belə ki, uzaqgörən Lider cənab İlham Əliyev məharətlə bu proseslərdən istifadə edərək, ölkəmizin mövqeyini tam şəkildə ortaya qoyur, Ermənistan daxil bütün qonşulara, regional ölkələrə, qərbə əsl reallıqları çatdırır. Bu danılmaz faktdır ki, əsl siyasi Lider kimi adından söz etdirən İlham Əliyevin dilindən bu mesajların eşidilməsi “hər iki cəbhəyə xidmət edən beynəlxalq media qurumları”nın marağında olduğu nüansdır. Prezident fikirlərində Ermənistana barışıq, sülh təklif edir, əlbəttə ki, müəyyən şərtlər daxilində. O, açıq bəyan edir ki, regionda qalıcı sülh, möhkəm sabitliyin və etibarlı təhlükəsizliyin əsas şərtidir. Bunun üçün isə ilk növbədə Ermənistan Azərbaycanın beynəlxalq hüquqla müəyyən edilmiş ərazi bütövlüyünü tanımalı, iki ölkə arasında sərhədlərin delimitasıyası, daha sonra demarkasiyası haqqında razılığa gəlinməlidir. Bu işlərin gedişatında isə beynəlxalq hüquq prinsipləri gözlənilməklə, vaxt itirmədən sülh danışıqları başlanmalı və sülh müqaviləsi üzərində birgə iş aparılmalıdır. Lakin qarşı tərəfin hələ də təklifləri dəyərləndirməməsi, susqunluğu bir neçə yöndən izah edilə bilər. Bunların içərisində əlbəttə ki, ən təhlükəlisi Ermənistan siyasətindəki revanşist qüvvələrin prosesə mane olmaq düşüncəsidir. Bu təhlükəli hal heç şübhəsiz Ermənistanın məhvinə gətirib çıxara bilər. Ölkəmiz sərhəddlərində düşmən tərəfindən gələn hər hansı təxribata səbrlə yanaşmayacaqdır. İstənilən təxribat ən ağır şəkildə cəzlandırıla bilər. İlham Əliyev bu barədə açıq şəkildə mesaj verir ki, əgər Ermənistan bu düşüncədə olarsa, bu onların bir dövlət kimi sonu ola bilər. Ölkəmiz cənab Prezidentin dilindən qarşı tərəfə artıq mesajlarını göndərib. İndi qalıb Ermənistanın bu təklifləri dəyərləndirməsi. Bu gün bir məsələ də tam aydınlığı ilə məlumdur ki, Azərbaycan öz hüdudları daxilində “ikinci Ermənistan”ın yaradılmasına, bir qrup erməniyə status verilməsinə heç vaxt imkan verməyəcəkdir. Bu məsələ artıq bitib. Bu gün bütöv, suveren Azərbaycan vardır. Ölkəmizdə yaşayan onlarla azsaylı xalq kimi erməni millətinin nümayəndələri də bizim vətəndaşlardır. Ermənistandan fərqli olaraq, biz heç bir millətin nümayəndəsini deportasiya etmək niyyətində olmamışıq, əksinə Azərbaycan həmin xalqların vətəni kimi onlara hər zaman qucaq açaraq, mehriban, səmimi, dostluq, firavanlıq mühütündə yaşamaları üçün ən yüksək şəraiti yaratmışdır. Təsadüfü deyil ki, Ölkəmiz, məscidin, kilsənin, sinaqoqun yanbayan yerləşdiyi dünyada təkrarolunmaz nadir ölkələrdəndir.
Əliheydər Qarayev
Neftçala rayon sakini