Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xüsusi Təyinatlı Qüvvələrin baş giziri şəhid Camal İsmayılovun 37 yaşı qeyd olunub. Şəhid baş gizir Camal İsmayılovun Şəhidlər xiyabanındakı məzarı ziyarət olunub və ruhuna dualar oxunub.
Azərbaycan Respublikasının dövlət himni səslənib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Neftçala RİH başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, Sumqayıt RİH nümayəndəsi, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, döyüşçü yoldaşları və qazilər iştirak edib. İştirakçılar Camal İsmayılovun xatirəsinə yaradılan guşə ilə tanış olub, şəhidin həyat yolunu əks etdirən videokadrlar izlənilib.
Tədbirdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov bildirdi ki, bu gün ölkə Prezidenti İlham Əliyev Ümummilli Liderin siyasi yolunu uğurla davam etdirməsinin, uzaqgörən və qətiyyətli siyasətinin nəticəsidir ki, 30 ilə yaxın işğalda olan torpaqlarımız xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində azad olundu. Qəhrəman gənclərimizin vətən uğrunda göstərdiyi fədakarlıqları dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub.
Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, şəhid Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova və Sumqayıt RİH nümayəndəsi çıxış edərək Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində iştirak edən şəhid Camal İsmayılovun şücaətindən, keçdiyi döyüş yolundan söhbət açılıb. Bildirilib ki, sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Camal İsmayılov Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən Müharibəsi Qəhrəmanı” medalları ilə təltif olunub.
Şəhidin atası Vidadi İsmayılov, anası Filarə İsmayılova oğullarının hərbidəki xidmətlərindən və ömür yolundan danışıb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunan ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif edib. Onlardan biridə Xüsusi Təyinatlı Qüvvələrin baş giziri İsmayılov Camal Vidadi oğlu idi.
Şəhidin “Vətən Müharibəsi Qəhrəmanı” ordeni şəhidin oğluna Neftçala RİH başçısı tərəfindən təqdim olunub. Sonda şahid ailələri ilə xatirə şəkili çəkilib.
Tədbir müxtəlif kompazisiyalar ilə davam edib.