Loading

Hər hansı bir sahə, görülmüş  iş, icra edilən fəaliyyət haqqında söz demək, analiz etmək üçün o sahənin ya daxilində fəaliyyət göstərməli, ya da inkişafını dərindən izləməlidir insan. Bir də var ki, uzaqdan izləmək, şəxsi maraqdan irəli gələrək münasibət bildirmək. Məncə iqtisadiyyat elə bir sahədir ki, onun inkişafı hər kəs üçün vacib amildir. Həyatımızın özəyi  iqtisadiyyatdırsa, iqtisadiyyatın doğru  istiqamətinin  də  sükanı məhz  mənəviyyat qaynağıdır. İqtisadiyyatın inkifafının bir qolu da azad sahibkarlıq fəaliyyətidir. O azad sahibkarlıq  ki, sadəcə  bəsit  şəxsi  qazanc  üçün  deyil,  həm  şəxsi  mənafeyinə, həm də  əsas tərəf olaraq dövlətinə, xalqına əhəmiyyətli  dərəcədə xeyirli olan, nüfuz qazandıran, arxasınca bacarıqlı  mütəxəssisləri  cəlb  etmək  gücünə  sahiblənən, düşüncələrə  təsir edəcək inam yarada bilməkdir. Bəli, o zaman bu yol seçilmiş, aparıcı yola  çevrilir, qarşısına çıxan  maneələri  dəf  etməklə  vətənin  sabahı  naminə vicdanla  irəliləyir. Hər  bir  işin, hər  bir  fəaliyyətin  arxasında  insan dayanır, onun düşünülmüş fəaliyyəti olur. Bu düşüncə nə qədər müstəqil, elmi əsaslandırılmış, bacarıqlı olarsa, ən  əsası vətən yolun tutarsa, bir o qədər böyük önəm daşıyar, sevilər. Çünki bizi birləşdirən dəyər – vətəndaş  olmağımız, dəyişməzdir! Vətəndaş olmaq isə vətənin sabahı üçün, onun yaşamına nəfəs vermək üçün yaşamaqdır məncə. Hər kəs bildiyi sahədə dəyər yarada bilərsə, dəyərlərimizin  birləşən  nöqtəsində  çiçəklənər  yurdumuz… Məqsədimiz azad sahibkarlıqdan danışmaqdır. Nədir azad sahibkarlıq, kimə azad  sahibkar deyə  bilirik? Azərbaycan müstəqil dövlətçilik siyasətinə sahib olduqdan, yəni müstəqilliyimizin yenidən bərpa edilməsi dövründən bu günə qədər iqtisadiyyatın inkişafı daim diqqət mərkəzində olmuşdur. Ümummilli lider Heydər Əliyevin müdrik ifadəsi ilə desək  “İqtisadiyyatı güclü olan dövlət, hər şeyə qadirdir!” İfadənin dərinliyini həyat sübut etdi. Bəli, bizim doğma, əziz vətənimiz vandal ermənilərə qarşı 44 günlük Vətən Müharibəsində qalib gəldi. Bu  müddət  ərzində  xalqın heç  bir  maddi sıxıntısı  olmadı. Bizlər dövlətimizin nə  qədər  güclü siyasi  nüfuza malik olduğunu əməli işdə gördük. Ambisiyadan uzaq, düşünülmüş, planlaşdırılmış  fəaliyyət. İnkişaf etmiş ölkə  iqtisadiyyatı  bütün  sahələrin  normal fəaliyyətinə  kömək oldu. Əsgərin  arxasında  dayanan xalq  birliyi  bütün sahələrdə mətin  iradə  ilə görsəndi. Bəli,  bu gün sahibkar da hər işində Ölkə başçısının fəaliyyətindən örnək almalıdır. Əvvəla öz işini  dərindən öyrənərək  təşkil  etməlidir. Sahibkar həm də bu sahədə hüquqlarını dərindən bilməli, hər bir yeniliyi, inkişafı dərindən izləməlidir. Əlbəttə ki, maneələrin  qarşısında  qətiyyətli  addım üçün çox mükəmməl biliklərə malik olmalıdır sahibkar. Yenə mən Müzəffər Prezidentimiz cənab İlham Əliyevin 44 gün  davam edən Vətən  Müharibəsi  dövründə  xarici  jurnalistlərə  verdiyi  tutarlı  cavabları yada salmaq istəyirəm. Öz vətəninin tarixini dərindən bilməklə yanaşı dünya tarixindən dəlillərlə danışmaq Azərbaycan dövlətinin adı idi, nüfuzu idi. Nifaq toxumu səpənlərə ən layiqli cavab idi. Bundan başqa azad sahibkar olmaq istəyən şəxs sağlam rəqabəti dəyərləndirməlidir. Qeyri neqativ yolla sahiblənməyə deyil, əsl iş prinsipi ilə çıxmalıdr  istehlakçı  qarşısına. Belə fəaliyyət  dəyərdir. Ən  layiqlisini  yarat  və  insanlığa  xidmət etməklə  sevil, öndə  dayan. Daha sonra qeyd etmək istəyirəm ki, bu gün dövlətimizdə azad sahibkarlığa geniş imkan yaradılıb. Biz bu haqda verilmiş qərarlardan  izləyə bilirik. Lakin sahibkar olan şəxs də “nə əkib, necə biçəcəyini” düşünməlidir. Belə  ki, quraqlıq ərazidə bitkiçilik layihələrinin, və yaxud alıcı qabiliyyəti aşağı olan yerlərdə daha çox xərc tələb edən məhsulların istehsalı, satışı və s. Əlbətdə ki, verilən dəyərin faiz göstəricilərinin qazanc hesabı ilə az olduğuna gətirib çıxaracaqdır. Necə  deyərlər düşüncə əmələ  çevrilir, lakin  əhəmiyyətli düşüncə  uğur  və  dəyər  yaradır. Eyni zamanda özünə sahibkar deyən şəxs yardıcı təxəyyülə sahib olmalıdır, öz qərarını təhlil edib, öncəgörməyə yaxın olmalıdır. Yenilikçi olmalı, ona olan inamı doğrultmaq yollarını tapmalıdır. İlk olaraq mənəviyyata, vicdanla xidmət etməyə istiqamətlənməlidir  ki,  vətəninə  də, insanlığa da, şəxsinə də faydalı ola bilsin. Əks halda banklardan aldığı güzəştli kreditlər faydalı olmaya bilər. Bu gün ölkəmizdə azad sahibkarlığa geniş imkanlar yaradılmışdır. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət digər sahələrdə olduğu kimi iqtisadi münasibətlər sistemində də uğurla davam etməkdədir. Hələ 2002-ci ildə aprel ayının 25 sahibkarlarla görüşən Ulu Öndər demişdir ki, “Sahibkar  təbəqəsi Azərbaycan iqtisadiyyatının aparıcı hissəsidir. Əldə etdiyimiz nailiyyətlərdə özəlləşdirmənin böyük əhəmiyyəti  vardır”.  Bu  sahədə cənab Prezident İlham Əliyev verdiyi qərarlarla hər bir sahibkarın arxasında dövlətin dayandığını nümayiş etdirir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 2003-2018 ci illər  müddətində sahibkarlara 2 milyard manata qədər güzəştli kreditlər verilmiş, ölkəmizdə shibkarlara öz iqtsadi müəssisələrinin inkişafı üçün şərait yaradılmışdır. Bu mənada da, Respublikamızda qeyri-neft sektoru inkişaf etmiş, genişləndirilmişdir. Bütün görülmüş işlər fərdlərin təşəbbüskarlığı ilə birlikdə dövlət rəhbərinin qayğısı, diqqəti ilə gerçəkləşərək inkişafa inam yaratmışdır. Necə deyərlər, fəaliyyətin yolunda yaşıl işıq varsa, uğura doğru yollar aydınlanacaqdır.

Bədirə Niftaliyeva;
Neftçala rayon sakini, ziyalı, ədib

Bir cavab yazın