Hər hansı bir sahə, görülmüş iş, icra edilən fəaliyyət haqqında söz demək, analiz etmək üçün o sahənin ya daxilində fəaliyyət göstərməli, ya da inkişafını dərindən izləməlidir insan. Bir də var ki, uzaqdan izləmək, şəxsi maraqdan irəli gələrək münasibət bildirmək. Məncə iqtisadiyyat elə bir sahədir ki, onun inkişafı hər kəs üçün vacib amildir. Həyatımızın özəyi iqtisadiyyatdırsa, iqtisadiyyatın doğru istiqamətinin də sükanı məhz mənəviyyat qaynağıdır. İqtisadiyyatın inkifafının bir qolu da azad sahibkarlıq fəaliyyətidir. O azad sahibkarlıq ki, sadəcə bəsit şəxsi qazanc üçün deyil, həm şəxsi mənafeyinə, həm də əsas tərəf olaraq dövlətinə, xalqına əhəmiyyətli dərəcədə xeyirli olan, nüfuz qazandıran, arxasınca bacarıqlı mütəxəssisləri cəlb etmək gücünə sahiblənən, düşüncələrə təsir edəcək inam yarada bilməkdir. Bəli, o zaman bu yol seçilmiş, aparıcı yola çevrilir, qarşısına çıxan maneələri dəf etməklə vətənin sabahı naminə vicdanla irəliləyir. Hər bir işin, hər bir fəaliyyətin arxasında insan dayanır, onun düşünülmüş fəaliyyəti olur. Bu düşüncə nə qədər müstəqil, elmi əsaslandırılmış, bacarıqlı olarsa, ən əsası vətən yolun tutarsa, bir o qədər böyük önəm daşıyar, sevilər. Çünki bizi birləşdirən dəyər – vətəndaş olmağımız, dəyişməzdir! Vətəndaş olmaq isə vətənin sabahı üçün, onun yaşamına nəfəs vermək üçün yaşamaqdır məncə. Hər kəs bildiyi sahədə dəyər yarada bilərsə, dəyərlərimizin birləşən nöqtəsində çiçəklənər yurdumuz… Məqsədimiz azad sahibkarlıqdan danışmaqdır. Nədir azad sahibkarlıq, kimə azad sahibkar deyə bilirik? Azərbaycan müstəqil dövlətçilik siyasətinə sahib olduqdan, yəni müstəqilliyimizin yenidən bərpa edilməsi dövründən bu günə qədər iqtisadiyyatın inkişafı daim diqqət mərkəzində olmuşdur. Ümummilli lider Heydər Əliyevin müdrik ifadəsi ilə desək “İqtisadiyyatı güclü olan dövlət, hər şeyə qadirdir!” İfadənin dərinliyini həyat sübut etdi. Bəli, bizim doğma, əziz vətənimiz vandal ermənilərə qarşı 44 günlük Vətən Müharibəsində qalib gəldi. Bu müddət ərzində xalqın heç bir maddi sıxıntısı olmadı. Bizlər dövlətimizin nə qədər güclü siyasi nüfuza malik olduğunu əməli işdə gördük. Ambisiyadan uzaq, düşünülmüş, planlaşdırılmış fəaliyyət. İnkişaf etmiş ölkə iqtisadiyyatı bütün sahələrin normal fəaliyyətinə kömək oldu. Əsgərin arxasında dayanan xalq birliyi bütün sahələrdə mətin iradə ilə görsəndi. Bəli, bu gün sahibkar da hər işində Ölkə başçısının fəaliyyətindən örnək almalıdır. Əvvəla öz işini dərindən öyrənərək təşkil etməlidir. Sahibkar həm də bu sahədə hüquqlarını dərindən bilməli, hər bir yeniliyi, inkişafı dərindən izləməlidir. Əlbəttə ki, maneələrin qarşısında qətiyyətli addım üçün çox mükəmməl biliklərə malik olmalıdır sahibkar. Yenə mən Müzəffər Prezidentimiz cənab İlham Əliyevin 44 gün davam edən Vətən Müharibəsi dövründə xarici jurnalistlərə verdiyi tutarlı cavabları yada salmaq istəyirəm. Öz vətəninin tarixini dərindən bilməklə yanaşı dünya tarixindən dəlillərlə danışmaq Azərbaycan dövlətinin adı idi, nüfuzu idi. Nifaq toxumu səpənlərə ən layiqli cavab idi. Bundan başqa azad sahibkar olmaq istəyən şəxs sağlam rəqabəti dəyərləndirməlidir. Qeyri neqativ yolla sahiblənməyə deyil, əsl iş prinsipi ilə çıxmalıdr istehlakçı qarşısına. Belə fəaliyyət dəyərdir. Ən layiqlisini yarat və insanlığa xidmət etməklə sevil, öndə dayan. Daha sonra qeyd etmək istəyirəm ki, bu gün dövlətimizdə azad sahibkarlığa geniş imkan yaradılıb. Biz bu haqda verilmiş qərarlardan izləyə bilirik. Lakin sahibkar olan şəxs də “nə əkib, necə biçəcəyini” düşünməlidir. Belə ki, quraqlıq ərazidə bitkiçilik layihələrinin, və yaxud alıcı qabiliyyəti aşağı olan yerlərdə daha çox xərc tələb edən məhsulların istehsalı, satışı və s. Əlbətdə ki, verilən dəyərin faiz göstəricilərinin qazanc hesabı ilə az olduğuna gətirib çıxaracaqdır. Necə deyərlər düşüncə əmələ çevrilir, lakin əhəmiyyətli düşüncə uğur və dəyər yaradır. Eyni zamanda özünə sahibkar deyən şəxs yardıcı təxəyyülə sahib olmalıdır, öz qərarını təhlil edib, öncəgörməyə yaxın olmalıdır. Yenilikçi olmalı, ona olan inamı doğrultmaq yollarını tapmalıdır. İlk olaraq mənəviyyata, vicdanla xidmət etməyə istiqamətlənməlidir ki, vətəninə də, insanlığa da, şəxsinə də faydalı ola bilsin. Əks halda banklardan aldığı güzəştli kreditlər faydalı olmaya bilər. Bu gün ölkəmizdə azad sahibkarlığa geniş imkanlar yaradılmışdır. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət digər sahələrdə olduğu kimi iqtisadi münasibətlər sistemində də uğurla davam etməkdədir. Hələ 2002-ci ildə aprel ayının 25 sahibkarlarla görüşən Ulu Öndər demişdir ki, “Sahibkar təbəqəsi Azərbaycan iqtisadiyyatının aparıcı hissəsidir. Əldə etdiyimiz nailiyyətlərdə özəlləşdirmənin böyük əhəmiyyəti vardır”. Bu sahədə cənab Prezident İlham Əliyev verdiyi qərarlarla hər bir sahibkarın arxasında dövlətin dayandığını nümayiş etdirir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 2003-2018 ci illər müddətində sahibkarlara 2 milyard manata qədər güzəştli kreditlər verilmiş, ölkəmizdə shibkarlara öz iqtsadi müəssisələrinin inkişafı üçün şərait yaradılmışdır. Bu mənada da, Respublikamızda qeyri-neft sektoru inkişaf etmiş, genişləndirilmişdir. Bütün görülmüş işlər fərdlərin təşəbbüskarlığı ilə birlikdə dövlət rəhbərinin qayğısı, diqqəti ilə gerçəkləşərək inkişafa inam yaratmışdır. Necə deyərlər, fəaliyyətin yolunda yaşıl işıq varsa, uğura doğru yollar aydınlanacaqdır.
Bədirə Niftaliyeva;
Neftçala rayon sakini, ziyalı, ədib