Vətəndaş cəmiyyəti potensialının səfərbər olunması.
2003-cü il oktyabrın 15-i müstəqil Azərbaycanın yeni minillikdəki tarixinə ilk prezident seçkiləri günü kimi daxil oldu. Həmin gün milyonlarla seçici seçki məntəqələrinə gələrək, qarşıdakı beş ildə ölkəmizin taleyini ən layiqli namizədə etibar etdiklərini bildirdilər. Həmin gün xalqımız dövlətin dayanıqlı inkişafını təmin etmiş mühüm addımlar atacaq şəxsə, öz liderinə, Prezidentinə səs verdi. Bununla da Azərbaycanın dayanıqlı inkişafını təmin etmiş peşəkar dövlət siyasətinin əsası qoyuldu. Dövlət siyasətinin demokratik prioritetlərinə gəlincə Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır. Tərəddüdsüz qeyd etmək olar ki, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir.
Son 20 ildə sosial rifah halı da yaxşılaşıb. İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. Sosial dövlət fəlsəfəsinin əsasında da vətəndaş amili dayanır. Azərbaycanda sürətli inkişaf dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sahəyə ciddi sirayət edib və bir çox sosial proqram, habelə layihələrdə real əksini tapıb. Prezident İlham Əliyevin sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Davamlı inkişaf üçün yaradılmış zəminə gəlincə ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Bu siyasətin ən önəmli istiqamətlərindən biri ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”. Dövlət siyasətinin mənəvi dayağı da xalqdır.
Azərbaycançılıq fəlsəfəsi İlham Əliyev siyasətinin mənəvi dayağına çevrildi. Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı. Vətəndaş cəmiyyəti potensialının səfərbər olunması da vacib məsələdir. Ölkədə siyasi dialoqun daha yüksək nəticələrinin əldə olunması üçün ötən müddət ərzində müxtəlif sahələrin potensialına da müraciət edilmiş, siyasətçilər ilə yanaşı, politoloqlar, müvafiq ixtisaslar üzrə mütəxəssislər, alimlər, media nümayəndələri və ictimai sektorun qadın fəalları ilə müxtəlif səpkili görüşlər təşkil edilmişdir və bu istiqamətdə fəaliyyət davam etdirilir.
Fətulla Muradov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini