90-cı illərin əvvəllərində ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyindən, idarəçilik təcrübələrinin yoxluğundan, ordumuzun zəifliyindən bəhrələnərək 20 faizə qədər torpaqlarımızı işğal edən ermənilər bu ərazilərin tarixi sahibinin Azərbaycan olduğunu bildikləri üçün orada tikinti deyil, dağıntı işləri həyata keçirmişlər. Ermənilər işğal etdikləri torpaqlarımızdakı yüzlərlə mədəniyyət müəssisəsini, kitabxanaları, mədəniyyət saraylarını, klubları, musiqi və rəssamlıq məktəblərini, muzeyləri, rəsm qalereyalarını, teatr müəssisələrini, istirahət parklarını viran edərək, əsl vandalizm siyasəti həyata keçirmişlər. Cəbrayıl rayonunda yerləşən VII-XII əsrlərə aid 11 və 15 aşırımlı Xudafərin körpüləri, Kəlbəcər rayonundakı Gəncəsar və Xudavənd məbədləri (XIII əsr), Ağdam rayonunun Xaçın Türbətli kəndindəki məqbərə (XIV əsr), Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri – Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminə məruz qalıb. Müqəddəs məkanlarımızdan, o cümlədən Zəngilandakı məsciddən tövlə kimi istifadə etməklə ermənilər bütün müsəlman, islam dünyasının dini heysiyyətinə toxunaraq bir daha azğınlaşdıqlarını göstərdilər. Bu, vandalizm nümunələrinə beynəlxalq təşkilatlar tərəfindən də layiqli qiymət verilməsini gözləyirik. Belə mənfur əməllər lazımınca pislənməli və ciddi hüquqi ölçü götürülməlidir. Çünki bu cür əməllər böyük bir toplumun içində yuva qurmuş dəhşətli bir xəstəliyin əlamətidir və bu xəstəlik bütün dünyaya təhlükə yaradır. 27 sentyabr 2020-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndləri intensiv atəşə tutuldu. Bundan sonra erməni qəsbkarlarına qarşı Azərbaycann Ordusunun əks hücumu başladı. Bu əks hücum əməliyyatı tarixə Vətən Müharibəsi kimi düşdü. Bəli Azərbaycan öz suverenlyini qorumaq, ərazi bütövlüyünü bərpa etmək, dünyanın 30 ildə edə bilmədiyini və ya etmədiyini etmək üçün haqq mübarizəsinə başladı. Azərbaycan ordusu qısa zaman kəsiyidə uğurlu döyüş əməliyyatları ilə dünyanın təəcüb və maraqla izlədiyi Vətən Müharibəsi dövründə I Qarabağ müharibəsi zamanı itirdiyi torpaqların əhəmiyyətli hissəsini geri qaytarmağa, Şuşaya bayraq sancmağa nail oldu. Üstəlik Vurulan zərbələr nəticəsində müharibə aparmaq qabiliyyəti faktiki məhv olan düşmən ordunun rəhbərliyi Azərbaycanın irəli sürdüyü tələbləri yerinə yetirilməklə, kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı. Bundan sonra Azərbaycan bir güllə atmadan, qan tökülmədən Kəlbəcər, Ağdam və Laçın rayonlarına sahib olmaqla faktiki ərazi bütövlüyünü bərpa etmişdir. 30 il düşmən tapdağında olan torpaqlarımız artıq öz tarixi sahiblərinə qayıdıb. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Qarabağ bölgəsi sanki yenidən doğulur, canlanır, dirçəlir. İşğaldan azad edilmiş ərazilərdən yayılan görüntülərdə, Beynəlxalq media orqanlarının videoreportajlarında diqqət çəkən məqamlardan biri ermənilərin bu yerlərdəki vandalizm aktlarıdır. Hətda onların Kəlbəcər rayonundan köçərkən aparılması mümkün olan hər şeyi, hətta unitazı belə özləri ilə götürmələri dünyanı bu millətə güldürdü. Onların evləri tamamilə dağıtmalarının, yandırmalarının, ümumiyyətlə, işğal olunmuş ərazilərdə maddi-mədəni sərvətlərimizi talan və qarət etmələrinin bir adı var ki, o da vandalizmdir. Dünya erməni vəhşiliyinin ölçüyəgəlməz dərəcəyə yüksəlməsinin fərqindədir. Müzəffər ordumuzun düşməndən təmizlədiyi ərazilərimizdən yeni görüntülər yayıldıqca faşist xislətli ermənilərin 30 ilə yaxın dövr ərzində bu torpaqlarda törətdikləri dağıntıların miqyasını daha aydın təsəvvür etmək olur. Dövlətimizin başçısı İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində bir faktı xüsusi qeyd etmişdir ki, Füzuli şəhərini işğaldan azad edəndə orada bayrağımızı ucaltmaq üçün bircə salamat bina tapa bilmədik. O bildirib: “Təsəvvür edirsinizmi? Bütün şəhərdə, halbuki orada 10 minlərlə insan yaşayırdı. Bircə bina da qalmayıb. Mənə zəng vurdular, dedim ki, bayrağı dirək üzərində qaldırın. Görün, onlar nə ediblər. Ağdamın, Cəbrayıl rayonunun xarabalıqlarına baxın. Hər şey dağıdılıb. Elə bil buradan vəhşilər keçiblər. Elə bil bunlar insan deyilmiş. Onlar hər şeyi söküb-dağıdıblar. Evlərin damlarını, pəncərə çərçivələrini, hətta unitazları da. Bu, sadəcə, quldurluqdur”. Lakin bir vətəndaş olaraq heç bir şübhəm yoxdur ki, işğaldan azad edilmiş bütün yurdlarımız əvvəlkindən də müasir, gözəl, tarixi ənənələr qorunmaqla bərpa ediləcək, həmin yerlər dünyanın maraqla, həvəslə üz tutacağı yerlər olacaqdır. Azərbaycanımızın bu işləri tez bir zamanda görmək üçün bütün imkanları var. Biz də bu yolda hər zaman dövlətimizi, Cənab Prezidentimizi ürəklə dəstəkləməkdə davam edəcəyik. O torpaqlarda çəkilən hər yeni yol, ucaldılan hər yeni tikili torpağın köksünə bu yurdun əbədi və əzəli sahibi Azərbaycanın quruculuq əzminin, dünyaya, bəşəriyyətə töhfə vermək amalının möhtəşəm imzası kimi həkk olunacaqdır.
Nicat Axundov,
Neftçala rayon sakini, müəllim