Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycan dövlət strukturlarının nümayəndələri arasında Yevlax şəhərində görüş keçirilmişdir.

Qarabağ ərazisində keçirilmiş antiterror tədbirlərindən az sonra Azərbaycan və Türkiyə prezidentlərinin görüşü bütün dünyada maraqla izlənildi. Naxçıvanda səslənən hər bir bəyanatı siyasi təhlilçilər diqqətlə araşdırır və iki qardaş dövlətin gələcək yönümlü birgə planlarını proqnozlaşdırmağa çalışırdılar. Görüş yerinin Naxçıvan seçilməsi də Zəngəzur dəhlizi ilə bağlı bəzi mülahizələrin irəli sürülməsinə, o cümlədən bunun Ermənistan rəhbərliyinə dəhliz xatırlatması olduğunu iddia etməyə də zəmin yaratmışdı. Qarabağdakı separatçı qurumun təslim olması xəbəri ilə Azərbaycan – Türkiyə yüksək səviyyəli görüşü haqqında məlumatlar dünya mediasının manşetində yanaşı yer alırdı.

Azərbaycan və Türkiyə rəhbərlərinin görüşündə müzakirə olunan əsas məsələ başa çatmış antiterror tədbirləri və işğalın nəticələrinin aradan qaldırılması idi. Ərazidəki mövcud vəziyyəti dəqiq xarakterizə edən Prezident İlham Əliyev bu barədə belə açıqlama verərək bildirdi: “Beş gün bundan əvvəl Azərbaycan öz suverenliyini tam təmin etmişdir. Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, beş gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik. 24 saat ərzində, ondan da az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir.”

Antiterror tədbirləri bitəndən dərhal sonra Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycanın dövlət strukturlarının nümayəndələri arasında Yevlax şəhərində görüş keçirilmişdir. Bunu  ardınca Xocalıda və yenidən Yevlaxda növbəti belə görüşlər təşkil olunmuşdur.

Görüşlərinin ardından Azərbaycandan onun Qarabağ bölgəsinə, orada yaşayan erməni əhalisinə humanitar yardımlar göndərilməsinə başlanmışdır. Yanacaq – neft, dizel, benzin, ərzaq məhsulları, dərman preparatları və digər humanitar yardım edilir və bu, bir daha onu göstərir ki, Qarabağ bölgəsində yaşayan insanlar milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarıdır, onların təhlükəsizliyi, hüquqları Azərbaycan dövləti tərəfindən təmin edilir və ediləcəkdir. Artıq hüquq-mühafizə və səhiyyə qurumlarımız tarixi ərazilərimizdə əhaliyə keyfiyyətli xidmət göstərməyə başlayıb. Bununla yanaşı, reinteqrasiya mexanizmləri hazırlanıb və erməni icmasına təqdim olunub.

 

Günay Quliyeva,

YAP Neftçala rayon təşkilatının üzvü

Bir cavab yazın