Qadın hüquqlarının qorunması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir.
Tarixin bütün dövrlərində Azərbaycan qadını öz doğma Vətəninin müdafiəsində yaxından iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərmişdir. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında Azərbaycan qadınlarının savaş meydanında göstərdiyi şücaət, eyni zamanda Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris, Nigar, Həcər, Tutu Bikə kimi qəhrəmanlıq nümunəsi olan lider qadınlarımız bunun bariz nümunəsidir. Tarixə nəzər saldıqda Şərqdə ilk dəfə qadına səsvermə hüququnun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətində verildiyinin şahidi oluruq. Bu mütərəqqi addımın atılması həmin dövrdə Şərqin ilk müstəqil respublikasının hüquqi dövlət quruculuğu yolunda əzmlə irəlilədiyinin, həm də ölkədə gender bərabərliyinin təmin olunmasının parlaq göstəricisi idi.
Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının Ümummili Lider Heydər Əliyevin adı ilə bağlı olması tarixi faktdır. O, qadınların idarəetmə, qərar qəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib amil kimi hər zaman irəli sürmüşdür. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir. Dövlət qadın siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistemlə sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmışdır. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. Dövlət qadın siyasətinin davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.
Məhz həmin siyasətin nəticəsidir ki, bu gün Azərbaycanın Birinci vitse-prezidenti də, parlamentin sədri də də məhz zərif cinsin nümayəndələridir. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Müasir dövrdə Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva özünün həm ictimai- siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına nümunədir. O, müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir. Bir sözlə, Azərbaycan qadını milli dövlət quruculuğu işinin fəal iştirakçıları kimi daim ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında, elmi potensialının artırılması istiqamətində və dövlətin idarə olunmasında öhdələrinə düşən vəzifələri şərəflə yerinə yetiriblər. Ölkənin qadınları öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayıblar. Qadınlar gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərinə düşən ağır yükü şərəflə daşıyırlar.
Biz – Azərbaycan qadınları fəxr edirik ki, bugünkü qüdrətli dövlətimizin tərəqqisində ölkəmizin xanımlarının da böyük payı vardır. Dövlətimizi və Cənab Prezidenti əmin edirik ki, Azərbaycan qadını Vətənimizin daha da qüdrətləndirilməsini təmin edən Heydər Əliyev siyasi kursunu bundan sonra da daim dəstəkləyəcək və xalqımızın qazanacağı yeni uğurların iştirakçısı olacaqdır.
Fərqanə Ağalarova,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini