“Özbəkistanla Azərbaycanı çox şeylər bağlayır, tarixi köklərimiz birdir, dilimiz, musiqimiz, dinimiz, adətimiz, bütün ənənələrimiz də birdir. Biz eyni köklərə mənsubuq və onları, milli xüsusiyyətlərimizi, milli mənşəyimizi indi daha qiymətləndiririk. Bu müstəqil suveren dövlətlər kimi Özbəkistanın da, Azərbaycanın da yer üzərində möhkəm durması və mövcud olması üçün onların müstəqillik və suverenliyini heç kimin poza bilməməsi üçün zəruridir.”
Azərbaycan-Özbəkistan münasibətləri qədim tarixə malikdir. Azərbaycan və özbək xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistana sığınıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər.
Müstəqil respublikalar arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. İndiyədək iki ölkə arasında 154 sənəd imzalanıb. Hazırda iki ölkə arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Ulu Öndər Heydər Əliyev hər zaman özbək xalqına böyük sevgi ilə yanaşıb. 1970-ci ildə o vaxt Azərbaycana rəhbərlik edən Heydər Əliyevlə Özbəkistanın rəhbəri Şərəf Rəşidov arasında yaranmış dostluq münasibətləri iki ölkə arasındakı əlaqələrin bugünkü inkişafının əsası olub. Ümummilli lider Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən 1996-cı ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə”, eləcə də Ümummilli Liderin 1997-ci ilin iyununda Özbəkistana səfəri qarşılıqlı anlaşma, etimad və hörmətə əsaslanan gələcək münasibətlərimizin konturlarını müəyyən edib.
Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 2022-ci il Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı baxımından xüsusilə məhsuldar olub. Məhz həmin il dövlətimizin başçısının Özbəkistana üç dəfə səfər etməsi Azərbaycan Prezidentinin qardaş ölkə ilə əməkdaşlığın inkişafına böyük önəm verməsinin göstəricisidir. Ötən il iyunun 21-22-də Özbəkistana dövlət səfəri həyata keçirən Azərbaycan Prezidenti sentyabrın 15-16-da Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilmiş Sammitində fəxri qonaq qismində iştirak edib. Həmçinin Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-11-də Özbəkistanda səfərdə olub. Dövlətimizin başçısının bütün bu səfərləri zamanı əldə edilmiş razılaşmalar Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Özbəkistanla əlaqələrimizin yeni mərhələdə əsas konturlarını müəyyənləşdirib.
İki ölkə arasında dostluğun rəmzi olan beş korpusdan ibarət məktəb binası Özbəkistan dövlətinin işğaldan azad olunmuş Füzuli torpağına və füzulililərə qardaş töhfəsidir. İllər keçəcək, zaman ötəcək, amma qardaş ərməğanı yaddaşlarımızda əziz xatirə kimi qalacaq. Özbəkistan İkinci Qarabağ müharibəsi dövründə də Azərbaycana qarşı laqeyd qalmadığını, torpaqlarımız işğaldan azad olunanda sevincimizə şərik çıxdığını ifadə edib, Qələbəmizi dəstəkləyən ölkələrdən olub. Ölkələrimiz arasında əlaqələr təkcə siyasi-iqtisadi yöndə deyil, mədəniyyət sahəsində də uğurla davam etdirilir. Ötən il oktyabrın 16-22-də Özbəkistanın Daşkənd, Buxara, Nəvai və Səmərqənd şəhərlərində “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” keçirilib. Azərbaycan mədəniyyəti hər zaman özbək xalqı üçün maraqlı və sevilən olduğu kimi, azərbaycanlılar tərəfindən də özbək mədəniyyətinə, özbək musiqisinə maraq göstərilir.
Aidə Dadaşova,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini