Öz xalqına Qələbəni bəxş etmiş müzəffər Ordu
Noyabrın 8-də şanlı üçrəngli Bayrağımızın Qarabağın döyünən ürəyində, mədəniyyətimizin beşiyi olan Şuşada dalğalanması hər birimizi qürurlandırdı. Şuşanın işğaldan azad olunması Ermənistanı diz çökdürdü, növbəti qələbələrimizin əsasını qoydu.
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilib. Azərbaycan Ordusu maddi-texniki təchizat, döyüş hazırlığı və döyüş ruhu baxımından tam üstünlüyə malikdir. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Biz torpaqlarımızın erməni işğalından azad olunması sevincini məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgərlərimizin, döyüşçülərimizin sayəsində yaşayırıq. Məhz onların qanı, canı bahasına, misilsiz vətənpərvərlik və döyüş ruhu sayəsində bu qələbələri qeyd edirik. Bu yolda 3 minə qədər şəhid verdik, minlərlə qazimiz oldu. Biz şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərə Allahdan şəfa diləyirik, qəhrəman əsgər və zabitlərimizlə, döyüşlərdə iştirak edən hər bir həmvətənimizlə qürur duyuruq. Bu oğulları böyüdüb boya- başa çatdıran ana-atalarımıza minnətdarıq. Vətən bu qəhrəman oğullarla sonsuz dərəcədə fəxr edir.
Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında qələbə qazandı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmaq niyyətində deyil və barışmadı da. Prezident İlham Əliyevin Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən xalq kimi tanındı.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdikdən sonra qarşımızda böyük çağırışlar dayanır: “Bu çağırışların əsaslarından biri 30 il erməni işğalında olmuş və bu illər ərzində vəhşicəsinə dağıdılmış, talan edilmiş yurdlarımızı bərpa etmək, həmin torpaqlara həyatı yenidən qaytarmaqdır. Bəli, bu gün Azərbaycan xalqı olaraq əsas missiyamız işğaldan azad edilmiş ərazilərimizin bərpa edilməsi, keçmiş məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıtmasını təmin etməkdən ibarətdir. Artıq o torpaqlara həyat qayıdır. 2022-ci ildə Zəngilanın Ağalı kəndi Böyük Qayıdışın ilk müjdəsi oldu. Daha sonra Tərtərin Talış kəndinə, Laçına, Füzuliyə, Xocalıya və Cəbrayıla insanlar qayıtmağa başladılar. Bu il Xankəndidə fəaliyyətə başlayan Qarabağ Universitetində min nəfərdən çox tələbə təhsil alır. Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın təmin olunması yeni strateji mərhələdə Azərbaycanın əsas prioritetləri sırasında yer alır. Döyüş meydanında düşməni diz çökdürən və kapitulyasiyaya məruz qoyan qalib Azərbaycan bərpa və quruculuq işlərini də qısa müddətdə və yüksək səviyyədə həyata keçirmək əzmindədir”.
Cəlal Rəsulov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri