Loading

İki ölkə rəhbərinin Qələbə paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş mesajdır.

2020-ci il senytabr ayının 27-də düşmənin növbəti dəfə törətdiyi təxribata  qarşı əks-hücumla başlanan Vətən müharibəsi Ermənistanın bu işğalına son qoydu. Ölkəmiz öz ərazi bütövlüyünü və beynəlxalq ədaləti  bərpa etdi. Qəhrəman Azərbaycan əsgəri bu 44 günün hər günü şanlı tarix yazdı. Hər gün Azərbaycan Ordusu irəli gedərək yeni əraziləri işğaldan azad edirdi. Ordumuz bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Vətənpərvər Azərbaycan oğulları Ermənistanı döyüş meydanında məğlub etdi. İrəvanın  öz ordusunun yenilməzliyi haqqında  yaratdığı  mifi Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə məhv etdi. Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Döyüş meydanında öz  ordusunun hərbi texnikası və canlı qüvvəsinin məhv edildiyini görən Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. 2020-ci il dekabrın 10-da ölkəmizdə Qələbənin rəmzi  olan Zəfər Paradı keçirildi. Müstəqillik tariximizdə bu günə qədər bir neçə dəfə hərbi parad təşkil edilmişdi. Amma 10 dekabr paradı son 200 ilin ən möhtəşəm, ən parlaq hərb tarixini yazan Azərbaycan Ordusunun qüdrətinin nümayiş olunduğu gün idi. Vətən torpağının hər qarışı uğrunda qanı ilə tarix yazan şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin şərəfinin, qürurunun, igidliyinin, mərdliyinin təqdimatıdır bu parad.

Ölkə başçısı bundan öncəki hərbi paradda qeyd etmişdi ki, növbəti hərbi parad Qələbə paradı olacaq və Şuşaya sancılan Zəfər bayrağı gətiriləcək. Bu paradda  biz bir daha ölkə başçısının bizə – Azərbaycan xalqına verdiyi bu sözü də tutduğunun şahidi olduq. Şuşaya sancılan Zəfər bayrağı Azadlıq meydanına gətirildi, hərbi qənimət kimi ələ keçirilən erməni hərbi texnikaları qalib Azərbaycan xalqına, onun dostlarına, düşmənlərinə əyani surətdə nümayiş etdirildi. Bu Qələbə paradı dosta güvən, qürur, düşmənə isə zillət və kədər bəxş etdi.

Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdirlər. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Həmin gün  ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi qardaşlığımızın əbədiliyinin təzahürüdür. Vətən müharibəsinin ilk anından  etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss edirdi. Türkiyənin ilk saatlardan Azərbaycanın haqq işinə dəstəyi ədalət naminə savaşda tək olmadığımızı göstərdi.

 

Mirülvi Ağalarov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini

Bir cavab yazın