Dörd ünsür, dörd bayram çərşənbəsi.
Novruz milli-mənəvi köklərimizi, adət-ənənələrimizi, mədəniyyətimizi, mifik dünyagörüşümüzü əks etdirən bayramlarımızın şahıdır. Fevralın 21-də Kiçik çillə Boz ay ilə əvəz olunur. Boz ayda təzadlı təbiət hökm sürür, havalar dəyişkən olur. İnanca görə, bu çillədə təbiətdə və cəmiyyətdə canlanma, oyanma baş verir.
Dünya xalqlarının bu bayramı yüksək səviyyədə və milli bayram kimi keçirməsinə görə 2009-cu il sentyabr ayının 30-dan Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Novruz bayramında müxtəlif oyunlar keçirilir. Bunlara halay, bənövşə, cıdır, ənzəli, kos-kosa və bu kimi oyunları aid edə bilərik. Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının zəminidir. Bu bayrama 4 həftə qalmış, insanlarımız hər çərşənbə axşamı və bayram günü tonqal qalayır, mahnı oxuyur, oda, atəşə, günəşə olan etiqad və inamını ifadə edirlər. Bütün bu mərasimlər hələ İslamdan çox-çox əvvəl mövcud olmuş qədim Şərq ənənələrinin davamıdır. Deməli, xalqımız və bütün türkdilli xalqlar bu bayramı çox qədimlərdən keçirməyə başlayıblar. Ona görə də bu bayram bizim milli bayramımızdır.
Bayramların içərisində qışın yola salınması, baharın gəlişi və təbiətin dirilməsini rəmzləşdirən çərşənbələrin özünəməxsus yeri var. Çərşənbələr yaradılışın xalq düşüncəsindəki təsəvvürləri üzərində meydana gəlib. Orta əsrlər dövründə dünyanın yaranmasının əsasında dörd ünsürün dayanması və bu əsasda Şərqdə formalaşan, “ab” (su), “atəş” (od), “xak” (torpaq), “bad” (külək) ilə əsaslandırılan “dörd ünsür” nəzəriyyəsi çərşənbələrin bayram kimi formalaşmasına təsir göstərmişdir. Azərbaycan qədimdən çərşənbə bayramlarının keçirildiyi coğrafiya olaraq tanınır. Əski təqvimlə ilin son dörd çərşənbəsi bayram kimi keçirilir. Novruza bir ay qalmış dörd çərşənbə sıra ilə qeyd edilir. Bu çərşənbələrdə mövsümlə bağlı ritual və mərasim nəğmələri icra olunur. Yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən hazırlıq görülür.
Qədim insanlara görə kainat 4 ünsürdən-su, od, torpaq və havadan yaranıb. Ona görə də hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Bu çərşənbələrdən birinci-su çərşənbəsi adlanır. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Ona görə də ta qədim zamanlardan qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, üzlərini yuyardılar. İkincisi-od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, od çərşənbəsində ta qədimdən insanlar tonqallar qalayırdılar. Hər ailə üzvünün adına bir şam yandırardılar, xonçalar düzələrdi. Üçüncüsü-yel çərşənbəsidir.Yəni yel artıq azacıq oyanmış torpağı təzəcə çıxmış, yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir ki, onlar da oyansın. Dördüncüsü-torpaq çərşənbəsidir. Torpağı təbiət su ilə isladır, günəşlə isidir torpağı məhsuldarlığa hazırlayır, ona görə də ta qədimdən insanlar ilk yaz əkini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar.
Azərbaycanda bu bayram hər il yüksək təntənə ilə keçirilir. Biz fəxr edirik ki, Novruz xalqımızın ən böyük bayramıdır. Xalqımız əsrlər boyu bu bayramın adətlərini qoruyub saxlaya bilib və gələcək nəsillər də çox əsrli tarixə malik olan bu əziz bayramı qoruyub saxlasın.
Anarə Mustafayeva,
YAP Neftçala rayon təşkilatının fəal üzvü