Azərbaycan qadın hüquqların qorunması sahəsində qoşulduğu Konvensiyaların tələblərini və milli qanunvericiliyini uğurla icra edir.

Qadın hərəkatının başlıca məqsədi hər zaman qadınların kişilərlə bərabər hüquqlara sahib olması üçün mübarizə aparmaq olmuşdur. Çox qürurverici haldır ki, Azərbaycan bir çox məsələlərdə Şərqdə ilk olduğu kimi, qadın hüquqlarının tanınması və qorunmasında, gender bərabərliyinin təmin edilməsində, qadınların kişilərlə bərabər ictimai-siyasi həyatda iştirakına şərait yaradılmasında, qadınlara seçmək və seçilmək hüququ verilməsində də ilk ölkədir. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib- seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında iştirak etməyə başlamışdır.

Azərbaycan həm də, müsəlman Şərqində qadınları maarifləndirən, qadınları təhsilə cəlb edən ilk ölkədir.  1901-ci ildə Bakıda  Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə açılmış qızlar məktəbi  müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi idi. Bununla da, Azərbaycanda dünyəvi qadın təhsilinin əsası qoyulmuş və ilk qızlar məktəbi tezliklə qızların təhsil ala biləcəyi digər məktəblərin də açılmasına öncülük etmişdir. XX əsrin əvvəllərində müsəlman ölkələrində qızların təhsil almadığı bir vaxtda Azərbaycanda valideynlər qız uşaqlarını çəkinmədən məktəbə göndərməyə başlamışdır.

Müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanda qadın siyasətinin əsasını qoyan şəxs isə Ulu Öndərimiz Heydər Əliyev olmuşdur. Ulu Öndər hər şeydən əvvəl qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı və məhz buna görə də ölkədə qadınların kişilərlə bərabər fəal vətəndaşlıq mövqeyi sərgiləməsini, ölkənin ictimai-siyasi həyatının bütün sahələrində qadınların da yer almasını istəyirdi. Bunun nəticəsidir ki, qadınlarımız milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, mədəni, idman, elm-təhsil, səhiyyə və bir çox başqa sahələrində fəal iştirak etmiş və dəyərli töhfələr vermişdir.

Azərbaycan qadınlarının ilk qurultayı da ölkəmizdə 1998-ci il sentyabrın 25-də məhz Ulu Öndərin təşəbbüsü ilə keçrilmiş, bu, dövlətimizin qadın siyasətinin tarixində mühüm hadisə olmuş və ən əsası qadın qurultaylarının keçirilməsi ənənə halını almışdır. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylarda dövlət qadın siyasətinin mühüm məsələləri müzakirə olunur və mühüm qərarlar qəbul edilir.  

Bu gün də ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qadın hüquqlarının qorunması, ölkənin tərəqqisində və inkişafında qadınların rolunun artması, cəmiyyətdə qadının rolunun gücləndirilməsi, gender siyasəti uğurla həyata keçirilir. Azərbaycan qadınları qanunvericilik, icra, məhkəmə, bir sözlə, dövlət hakimiyyətinin bütün strukturlarında, bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, idman-sağlamlıq elmi-mədəni sferalarda  fəal iştirak edirlər. Qadın hüquqlarının qorunması ilə bağlı istər daxili qanunvericiliyimizin təkmilləşdirilməsi, istərsə də bu sahədə beynəlxalq əməkdaşlıq və beynəlxalq təşkilatların qadın hüquqlarının qorunması ilə bağlı sənədlərinin tanınması dövlət siyasətimizdə mühüm yer tutur.

Azərbaycanın Ailə Məcəlləsində, Mülki Məcəllədə, Cinayət Məcəlləsində və digər qanunlarımızda qadına qarşı şiddət və özbaşınalığın qarşısının alınması, qadın əməyinin kişilərlə bərabər qiymətləndirilməsi və lazımi məqamlarda hətta qadınlara müəyyən imtiyazlar verilməsi və digər bu kimi qadın hüquqlarının qorunması olduqca yaxşı tənzimlənir və bu sahədə qanunvericiliyi təkmiləşdirməyə daim davam edirik.

Azərbaycan həm də “Bərabər əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında”, “Analığın mühafizəsi haqqında”, “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında” və qadın hüquqlarının qorunmasına xidmət edən bir çox başqa konvensiyalara üzvdür və konvensiyaların tələbləri Azərbaycanda mükəmməl şəkildə təmin edilir.

Qadınlar ölkəmizdə ictimai-siyasi həyatın bütün sahlərində aktiv iştirak edir. Qadınlarımız Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında xidmət edirlər. Öz sədaqəti, qəhrəmanlığı, vəfası, müdrikliyi, qadın adını uca tutmağı ilə hər zaman seçilən qadınlarımızın bu gün də vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirmələri Azərbaycan qadının əsl ləyaqətli simasını bir daha təsdiq edir.

Ülviyyə Abdullayeva,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın