Azərbaycan ümumi Qələbəmizə sanballı töhfə verib.
Prezident İlham Əliyevin Moskvaya səfəri çərçivəsində həm Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşü, həm də Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirak etməsi Azərbaycanın çoxşaxəli fəal xarici siyasət yürütməsinin təzahürüdür. Ölkəmizin həm Rusiya Federasiyası ilə, həm də MDB dövlətləri ilə iqtisadi, enerji, logistika, humanitar və s. sahələrdə əməkdaşlıq münasibətləri müsbət məcrada inkişaf edir.
Dövlətimizin başçısı Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı gündəliyin Azərbaycanla bağlı humanitar məqamlarına toxundu və ilk növbədə Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsinə münasibət bildirdi: “MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb”.
Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həqiqətən də tarixi qərardır. Bu qərar Azərbaycanın öz suverenliyini tam bərpa etməsinə mənəv-siyasi dəstəkdən əlavə, eyni zamanda, erməni revanşistlərinə və Ermənistan hakimiyyətinə ciddi mesajdır. Beləliklə, Ermənistanın revanşist dairələrinə bir daha açıq mətnlə mesaj verildi ki, onlar İkinci Qarabağ müharibəsinin və lokal antiterror əməliyyatının nəticələri ilə birmənalı olaraq hesablaşmalıdırlar.
Prezident İlham Əliyev MDB dövlət başçılarının İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı qəbul etdikləri müraciət haqqında danışarkən bildirdi ki, Azərbaycan ümumi Qələbəmizə sanballı töhfə verib: “Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşalar”, “Yak-3” qırıcıları istehsal edilirdi. Bakıda 41 hərbi hospital fəaliyyət göstərirdi, 440 min yaralı müalicə alırdı. 1942-ci ilin martında, həmçinin Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüşçüləri and içdilər və Şimali Qafqazdan başlayan döyüş yolunu Berlində başa çatdırdılar. 416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil oldu. Mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancdılar”.
Dövlət başçısının İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Azərbaycanın verdiyi töhfə ilə bağlı faktları bu cür detallı səsləndirməsi respublikamızın sözügedən müharibədə rolunu kiçiltməyə çalışan bədxahlarımıza (o cümlədən ermənilərə) tutarlı cavabdır. İlham Əliyevin sadaladığı real faktlar Azərbaycanın alman faşizminə qarşı mübarizəyə misilsiz töhfəsini ortaya qoydu. Yeri gəlmişkən, tarix təkrarlanır və Azərbaycan həmçinin son 30 ildə erməni faşizmi ilə də mübarizə aparmalı olub. Azərbaycan xalqı və dövləti 44 günlük Vətən müharibəsində bu missiyanın da öhdəsindən uğurla gəldi.
Şəfəq Balaşova,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri