Azərbaycan dövlətinin apardığı sosial siyasətin əsas istiqamətlərindən biri də insana qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün normal şəraitin yaradılmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial layihələrin kökündə Azərbaycan xalqının sosial müdafiəsinin gücləndirilməsi dayanır. Ölkə başçısı tərəfindən təqaüdçülərin, əlillərin, şəhid ailələrinin, milli qəhrəmanların ailələrinin, qaçqın və məcburi köçkünlərin və digər sosial kateqoriyalardan olan insanların sosial müdafiəsi ilə bağlı çoxlu sayda hüquqi aktların qəbul edilməsi bu sahədə böyük inkişafa gətirib çıxarmışdır. İlham Əliyevin sosial siyasətinin əsasında ünvanlılıq, ədalətlilik və bərabərlik dayanır ki, bu da özünü qəbul edilən qərarların humanistliyində biruzə verir. 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-na kimi davam etmiş və Azərbaycan üçün qalibiyyətlə nəticələnmiş Vətən müharibəsi qarşıya yeni vəzifələr qoymuşdur. Belə ki, bu müharibədə qəhrəmanlıqla döyüşmüş əsgər və zabitlərimizin sosial müdafiəsi dövlət üçün ən mühüm prioritetlərdən hesab edilir. Bu gün birinci Qarabağ müharibəsinin olduğu kimi, Vətən müharibəsinin də hər bir iştirakçısı dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Bu gün döyüşlərdə xəsarət almış, əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində də sistemli və kompleks tədbirlər həyata keçirilir. Müharibədə şəhidlərimizlə yanaşı müxtəlif dərəcəli xəsarətlər almış qazilərimiz də çoxdur. Onlar ən yüksək səviyyədə tibbi yardımla təmin olunmuşdur. Hər il ölkəmizdən bir qrup əlil dövlət hesabına xaricə müalicəyə göndərilir. Bundan başqa əlilliyi olan insanların məşğulluğuna şərait yaradılması da diqqətdə saxlanılır, onlar peşə hazırlığına cəlb edilirlər. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə sağlamlığını itirmiş vətəndaşların xüsusi müalicə mərkəzlərində müalicə almaları dövlətin diqqət və qayğısının göstəricilərindəndir. Bütün bunlar əhalinin geniş təbəqələri, xüsusən müharibə veteranları, əlilləri və şəhid ailələri tərəfindən yüksək qiymətləndirilir.
Döyüşlərdə iştirak etmiş hərbçilərə psixoloji yardım göstərilməsi işləri də diqqətdə saxlanır. Bir çox ixtisaslaşdırılmış psixoloji xidmət mərkəzləri xəsarət alan şəxslərimizə ən yüksək səviyyədə xidmət edir. Prezidentin sosial sahəyə dair ayrı-ayrı vaxtlarda imzaladığı Sərəncam və fərmanlar bu sahəyə göstərilən diqqətin aşkar nümunəsidir. Müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən qarşılanması, həmçinin, əzəli torpaqlarımız uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin və hər iki Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, onların mənzil və avtomobillərlə təmin olunması da humanizmə əsaslanan sosialyönümlü siyasətin davamlılığından xəbər verir. Paralel şəkildə bütün bu layihələri həyata keçirmək dövlətdən güc və ciddi maliyyə imkanları tələb edir. Azərbaycan Respublikasının isə bu işləri eyni zamanda həyata keçirmək üçün istənilən imkanı vardır. Bu da öz növbəsində illərlə aparılan düzgün, düşünülmüş, uzaqgörən siyasət nəticəsində əldə edilmişdir.
Həbulla Rəhimov
Neftçala rayon sakini, ziyalı