Müstəqilliyimizə qarşı yönəldilmiş çevriliş
cəhdi dövlətçiliyimizə qarşı olan cinayətdir.
Müstəqilliyi qorumaq və möhkəmləndirmək onu əldə etmək qədər çətin və şərəflidir. Azərbaycan müstəqillik əldə etdikdən sonra bədnam AXC-Musavat cütlüyünün səriştəsiz, xain siyasəti nəticəsində faktiki məhvə məhkum edilmişdi. Ölkədə xaos, özbaşınalıq baş alıb getmiş, bu təfəkkür təəssüflə də olsa deməliyik ki, sonrakı proseslərə də öz təsirini göstərmişdi. Lakin Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbindən sonra yenidən Azərbaycanda siyasi hakimiyyətə gəlişi vəziyyəti kökündən dəyişmiş, antimilli qüvvələrin əl-ayaqlarının yığılmasına səbəb olmuşdur. Təsadüfi deyil ki, Heydər Əliyev Fenomeni qarşısında çox cılız görünən bu təqib və təsirlər zaman keçdikcə məhvə məhkum olmuşdur. Lakin sabitliyi, əmin-amanlığı həzm edə bilməyən, Azərbaycanda əvvəlki kimi hərc-mərclik, xaos olmasını istəyən bəzi xarici qüvvələr ölkəmizdə dövlət çevrilişi etməyə maraqlı idilər. Bu səbəbdən həmin istiqamətdə zaman-zaman yerli antimilli qüvvələrlə əlaqələr yaradılmış, təşkilatlanmalar aparılmışdır. Ölkəmizin tarixinə qara ləkə kimi düşən 1995-ci ilin mart hadisələri bunun ən böyük təzahürü oldu. Hadisələrin sonunu düşünməyən, hakimiyyəti zorla ələ almaq istəyən bir qrup dövlət nümayəndəsi başa düşmürdü ki, bu ölkədə vətəndaş qarşıdurmasına gətirib çıxara bilərdi. Müharibədən yeni çıxan bir dövlət kimi, inkişafa doğru addımlayan Azərbaycanın belə bir çətinliklə rastlaşması həm dövlətçilik, həm də vətəndaşlıq baxımından böyük problem idi. 1995-ci ilin mart hadisələri qeyri-qanuni silahlı birləşmələrin qiyamı idi. Martın 12-dən 13-nə keçən gecə OMON-nun (Xüsusi Təyinatlı Polis Dəstəsi) hərbi birləşmələri faktiki qanundan kənar hərəkət edərək Ağstafa və Qazax rayonunda dövlət idarələrinə silahlı basqınlar etdilər. Bu Rövşən Cavadov qardaşlarının və onların ətrafındakılarının qiyamı, dövlətçilik ənənələrimizə vurulan zərbəsi idi. Belə ağır vəziyyətdə Ümummilli Lider Heydər Əliyev vətəndaş qarşıdurmasına səbəb ola biləcək bu məsələni yoluna qoydu, dövlətçilik ənənələrimizi bir daha qorudu, möhkəmləndirdi. 15 Mart tarixində televiziya və radio vasitəsilə xalqa müraciət edən Heydər Əliyev dövlətimiz naminə xalqın bir arada, bir cəbhədə dayanmasına nail oldu, hakimiyyət böhranına, anarxiyaya və özbaşınalığa son qoyuldu. Heydər Əliyev bu qiyamda iştirak edənlərin silahlarını könüllü təhvil verəcəkləri halda bağışlanacaqlarını bildirdi. Hətta OMON- çuları bağışlamaq imkanı yaradan xüsusi fərman da imzalandı. Bu onu göstərir ki, Ulu Öndər hər bir azərbaycanlının hansı mövqedə dayanmasından asılı olmayaraq onun bağışlanılmasını, normal həyatının davam etdirilməsini istəyirdi. Lakin R.Cavadov və havadarlarının istəkləri dövlətimizə və dövlətçiliyimizə qarşı idi. Martın 15-də Azərbaycan ordusunun bölmələri tərəfindən Qazax-Ağstafa rayonlarındakı qiyam yatırıldı. Qiyamın yatırılmasında iştirak edənlər bir daha sübut etdilər ki, onlar dövlətə qarşı bu qiyamı dəstəkləmir və güclü, bütöv Azərbaycan naminə mübarizəyə hazırdırlar. 15 Mart hadisələrindən nəticə çıxarmayanlar martın 16-17-də paytaxtda da qanlı hadisələr törətdilər. Bu isə açıq-aşkar dövlətçiliyimizə qəsd idi. Ulu Öndərin müdrikliyi, mahir siyasəti və qətiyyəti naminə müstəqilliyimizə qarşı olan dövlət çevrilişinin qarşısı alındı. Bu Ulu Öndərin qətiyyətli iradəsi sayəsində baş verdi. Heydər Əliyev 1995-ci il 15 mart tarixində xalqa müraciətində bildirmişdir: “Mən dəfələrlə demişəm və bu gün vətəndaşlarımın, xalqımın qarşısında bir daha deyirəm ki, Prezident kimi Azərbaycanın müstəqilliyinin qorunmasını bu günə qədər təmin etdiyim kimi bundan sonra da təmin edəcəyəm”. Tarixi hadisələr bunu dəfələrlə sübut etdi ki, Ulu Öndər Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi naminə mahir bir siyasət yürütmüşdür. Onun siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev isə xalqı Dəmir Yumruqda birləşdirərək ərazi bütövlüyümüzü tam şəkildə bərpa etdi. İndi dövlətimiz regionun ən güclü dövləti hesab edilir. Lakin bütün bunlar o demək deyildir ki, 1995-ci il mart hadisələri unudulub, o qiyamın yatırılmasıda iştirak edənlər yadda çıxarılıb. Bu döyüşlərdə dövlətçilik naminə canını fəda edənlərdən biri də rayonumuzun fəxri, Milli Qəhrəman Xanoğlan Məmmədovdur. Dövlətçilik ənənələrimizin yaşaması deyərəkən belə oğullar hər zaman xatırlanır, anılır. Heydər Əliyev 1995-ci il 15 mart tarixində dediyi “Gəlin hər şeyi bir kənara qoyaq, dövlətçiliyimizi, müstəqilliyimizi müdafiə etmək yolunda əl-ələ verərək irəliyə gedək” nəsihəti indi də hər bir azərbaycanlı üçün müstəqilliyimiz naminə bir şüar olmalıdır, bir yaşam amalı olmalıdır.
Şərəbanı Əhmədova,
Neftçala rayon sakini, müəllim