Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi pandemiya dövrü ilə əlaqədar olaraq distant rejimində müxtəlif formatlı tədbirlər təşkil etməyə davam edir.
Məlumdur ki, avqust ayında mərkəz tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini özündə təcəssüm etdirən “Tarixi yazmış bir tale” adlı videotəqdimatlardan ibarət respublika müsabiqəsinə start verilmişdir.
BizimNeftcala.info xəbər verir ki, müsabiqənin məqsədi görkəmli dövlət və ictimai xadim Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması, Heydər Əliyev mərkəzlərinin funksionallığının siyasi və sosial aktuallığının qorunması, mərkəzlərdə çalışan elmi işçilərin peşə səriştələrinin üzə çıxarılması, dəstəklənməsi, respublikada pandemiya dövründə fəaliyyətinin stimullaşdırılmasıdır.
Mövcud vəziyyətlə əlaqədar olaraq müsabiqənin keçirilmə şərtlərində müəyyən dəyişikliklər edilməklə obyektivlik və şəffaflığın təmin olunması məqsədilə Heydər Əliyev mərkəzlərinin direktorlarının, həmçinin 70-ə yaxın mədəniyyət işçisinin iştirakı ilə “Tarixi yazmış bir tale” adlı videotəqdimatlardan ibarət respublika müsabiqəsi mövzusunda vebinar təşkil olunub.
Qeyd edək ki, müsabiqəyə 39 anket-ərizə (37-si videotəqdimatla, 2-si isə videotəqdimatsız) təqdim olunmuşdur.
Videotəqdimatlar cari il sentyabrın 1-dən mərkəzin rəsmi “facebook” səhifəsində paylaşılıb. Müsabiqənin şərtlərinə uyğun olaraq 10 gün ərzində videotəqdimatlara baxış və bəyənmə sayına görə birinci mərhələ qalibləri seçilib, ikinci mərhələ qalibləri isə münsiflər heyəti rəyinə əsasən qiymətləndirilib.
Baxış və bəyənmə sayına görə I yerə – Lerik rayon Heydər Əliyev Mərkəzi, II yerə – Zaqatala rayon Heydər Əliyev Mərkəzi, III yerə – Şəki şəhər Heydər Əliyev Mərkəzi layiq görülüb.
Münsiflər heyətinin rəyinə görə I yeri – Neftçala rayon Heydər Əliyev Mərkəzi, II yeri – Sabirabad rayon Heydər Əliyev Mərkəzi, III yeri isə Xızı rayon Heydər Əliyev Mərkəzi tərəfindən tutulub.
Müsabiqənin digər iştirakçıları fəxri fərman və sertifikatlarla təltif olunacaqlar.