BizimNeftcala.info xəbər verir ki, Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidovun yüksək nəticə göstərmiş məzunlarla görüşü olub.
Neftçala rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə koronavirus (COVİD-19) pandemiyası dövrünü nəzərə alaraq rayon ümumtəhsil məktəblərindən bu il ali məktəblərə yüksək bal toplamış məzunlarla video konfrans formatında görüşü olub. Keçirilən görüşdə Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon Təhsil şöbəsinin məsul şəxsləri, orta ixtisas məktəblərinin direktorları, müəllimləri və yüksək nəticə göstərmiş məzunlar iştirak edib.
Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov dövlət başçısının təhsilə olan diqqət və qayğısından söz açaraq rayonda bir çox ümumtəhsil məktəblərində əsaslı təmir və yenidənqurma işlərinin aparılması, maddi-texniki bazasının zənginləşdirilməsinə görə ölkə başçısına öz minnətdarlığını bildirib.
Koronavirus (COVİD-19) pandemiyası dövrü olmasına baxmayaraq 2019/2020-ci tədris ilində rayonun orta ümumtəhsil məktəblərində təhsilini başa vurmuş 590 nəfər buraxılış məzunlarından 27 nəfəri 500 baldan yuxarı nəticə göstərib ki, onlardan 3 nəfər məzun isə 600 baldan yuxarı nəticə göstərib. Neftçala rayonu üzrə yüksək nəticəni 3-cü ixtisas qrupu üzrə imtahanda iştirak edən Qaçaqkənd tam orta məktəbinin məzunu Məmmədov Əlif Namiq oğlu (651 bal) göstərib. Bunun böyük nailiyyət olduğunu bildirən Rayon İcra Hakimiyyətinin Başçısı 2020/2021-ci tədris ilində daha da yüksək nəticələr gözlədiyini və yüksək nəticələr göstərmiş təhsil müəssisələrinin digərlərinə örnək olacağını vurğulayıb.
Video konfrans zamanı Rayon Təhsil müəssisəsinin məsul şəxsləri, orta ixtisas məktəblərinin direktorları və yüksək nəticə göstərən şagirdlər xoş sözlər deyib, Ölkə Başçısı Prezident İlham Əliyevə və Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidova öz dərin təşəkkürlərini biliriblər.
Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov görüşün sonunda bütün təhsil müəssisəsinin müəllimlərinə bir daha təşəkkür edib və yeni təhsil ili mövsümündə daha yüksək nəticələr əldə etməyi, uğurlar qazanmağı arzulayıb. Yüksək nəticələr göstərmiş məzunları bir daha təbrik edən Rayon İcra Hakimiyyətinin Başçısı məzunlara tələbə adını qazanmağı və yeni həyatlarında uğurlar arzulayıb.