Azərbaycan-dünya azərbaycanlılarını birləşdirən qalib dövlət
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib və bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.
Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi.
Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.
Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər.
Heydər Əliyev dünya azərbaycanlılarının qarşısında duran vəzifələri dəqiq və aydın müəyyənləşdirirdi: onlar ilk növbədə öz milli kimliklərini dərk və hifz etməli, Azərbaycanın dilini, mədəniyyətini, mütərəqqi adət-ənənələrini, tarixini yaşatmalı, inkişaf etdirməlidirlər. Dünyada yaşayan soydaşlarımız, eyni zamanda, ana Vətənlə əlaqələrini möhkəmləndirməli, Azərbaycan dövlətinin, cəmiyyətinin problemləri ilə yaşamalı, onların həlli üçün mənəvi məsuliyyət daşımalı, Azərbaycanın ən böyük problemi olan Ermənistanın təcavüzü məsələsinin dünyada ədalətli mövqedən, obyektiv təbliği istiqamətində ardıcıl işlər görməlidirlər. Azərbaycan hökuməti də Vətənimizin get-gedə artan maddi və mənəvi potensialından, siyasi nüfuzundan bütün dünya azərbaycanlılarının bəhrələnməsinə şərait yaratmalı, onların milli və vətəndaş hüquqlarının qorunması üçün istifadə etməlidir. Bu vəzifələrin uğurla icrasını təmin etmək üçün ulu öndər ilk növbədə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (sonradan Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması haqqında fərman verdi, 2001-ci ilin noyabrında isə Dünya Azərbaycanlılarının birinci qurultayını keçirdi. Bu tədbir xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması, ümummilli ideyalar ətrafında birləşməsi və təcavüzkar düşmənə qarşı mübarizəsinin təşkili baxımından böyük hadisə idi. Məhz bundan sonra dünya ölkələrində saxtakar erməni təbliğatına ilk sarsıdıcı zərbələr endirilməyə başlandı.
Sonrakı mərhələdə Prezident İlham Əliyevin riyakar və saxta erməni siyasətinə qarşı müdafiə deyil, hücum mövqeyindən çıxış etmək siyasəti diaspor təşkilatlarımız tərəfindən də uğurla icra edilməyə başlandı. Bununla da 2003-cü ildən etibarən istər Azərbaycan diplomatiyası, istərsə də diaspor təşkilatlarımız ermənilərin yalançı təbliğatına bir-birinin ardınca ağır zərbələr endirməyə başladı.
Məhz bu cür uğurlu fəaliyyətin nəticəsi idi ki, Vətən Müharibəsində həm hərbi, həm də diplomatik qələbə qazana bildik. Bu müharibədən sonra dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız hər yerdə müəyyən imkanlar daxilində mübarizə apardılar. Onlar da Ali Baş Komandanı özü üçün lider kimi qəbul etdi və haqlı mövqeyimizi dəstəklədi. Xalqımızın bu cür həmrəyliyi bütün dünya üçün nümunədir.
Elnarə Əliyeva,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri