Bütün hədəflərə nail olmuş Azərbaycan Ordusu
Ölkəmizin 30 ilə yaxın müharibə şəraitində yaşadığı dövrə nəzər salsaq görərik ki, Azərbaycan torpaqlarımızı işğaldan azad etmək üçün bütün sahələrdə biri-birindən əhəmiyyətli uğurlara imza atdı, təcrübəsi nümunə oldu, artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. 30 illik işğalçılıq siyasəti Ermənistanın özünə baha başa gəldi. Ermənistan işğalçılıq siyasəti ucbatından bütün enerji layihələrindən təcrid olundu, iqtisadi böhran içərisində yaşayaraq ölkədən kütləvi tərketmələr davamlı hal aldı. Müstəqilliyi formal xarakter daşıyan Ermənistan havadarlarının maraqlarını həyata keçirilmələrində bir vasitə rolunu oynadı. Ermənistandan fərqli olaraq Azərbaycan 30 ildə tam siyasi və iqtisadi müstəqilliyə nail oldu. Ölkəmiz qarşıya qoyduğu bütün hədəflərə çatmaq üçün səylər göstərdi.
Artıq tarixə qovuşmuş 2020-ci il Azərbaycan xalqı üçün istər siyasi, istər diplomatik, istərsə də digər sahələr üzrə uğurlarla yadda qaldı. İlin ən mühüm uğuru isə 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı tarixi qələbəmizdir. Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan qədim Şuşanın işğaldan azad edilməsinin ardınca böyük Qələbənin qazanılması xalqımızın tarixində yeni bir əbədi tarix yazdı. Qibtə ediləcək bu böyük zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu və 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu.
Prezidentimizin bu tarixi qələbənin qazanılmasında nümayiş etdirdiyi qətiyyətli mövqe xalqımıza, o cümlədən hər birimizə böyük sevinc və qürur hissi yaşatdı. Azərbaycan Ordusunun qəhrəman əsgər, çavuş, gizir, zabit və generalları yüksək peşəkarlığa, qibtə olunacaq Vətən sevgisinə malik olduqlarını bütün dünyaya əyani şəkildə göstərdi və sübut etdilər.
Bu Qələbənin qazanılmasında şanlı və qəhrəman Azərbaycan əsgər və zabitlərinin əvəzsiz rolu danılmazdır. Ona görə də bütün Azərbaycan xalqı Vətənin xilaskarı olan bu insanları və Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizi həmişə minnətdarlıq hissi ilə xatırlayacaq. Eyni zamanda, qalib dövlət olaraq Azərbaycanın qarşısında yeni hədəflər dayanır. Ölkəmiz bu hədəflərə çatmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə inamlı addımlar atır və bundan sonra da atacaq.
Dünya səviyyəli xadim Ulu Öndər Heydər Əliyevin sayəsində Azərbaycan o dövr üçün çətin yolun və sınaqların öhdəsindən layiqincə gəlib. Prezident İlham Əliyev məhz bu uğurlu siyasəti davam etdirərək ölkəmizi stareteji hədəflərə doğru aparıb. Cənab İlham Əliyevin Prezident seçiləndən sonra and içməsindəki nitqində Azərbaycanın gələcəkdə güclü dövlət olacağının vədini verirdi. Bütün bunların yekununda isə Azərbaycanın ərazi bütövlüyünün və suverenleyinin bərpası əsas hədəf idi. Və ən əsası tam əminliklə demək olar ki, bu 20 ildə ölkəmizin qarşısında duran strateji hədəflərə nail olunub. Bu illər əldə edilmiş nəticələr baxımından, müstəsna əhəmiyyət kəsb edən parlaq bir mərhələdir.
Pərviz Cavadov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri