Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərədə Dövlət Bayrağımızın ucaldılması
2023-cü il oktyabrın 15-də çoxəsrlik tariximizə növbəti Zəfər və qürur səhifəsi yazıldı. Prezident, Ali Baş Komandan İlham Əliyev ilk dəfə dövlət başçısı seçilməsinin 20-ci ildönümündə Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Cənab İlham Əliyev Xankəndi şəhərində üçrəngli bayrağımızı ucaltdıqdan sonra xalqa müraciətində böyük qürurla və əminliklə bildirdi ki, verdiyi bütün vədləri, qarşısına qoyduğu bütün vəzifələri icra etdi: “Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik”.
Böyük Qələbənin sevincini xalqımız məhz 2023-cü il “Heydər Əliyev İli”ndə yaşadı. Dahi şəxsiyyət Heydər Əliyevin ən böyük arzusu ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi idi. Hər zaman bu əminliyi ifadə edirdi ki, torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaq və bu ərazilərimizdə yeni həyat başlayacaq. 2003-cü ildə xalqa tarixi müraciətində də bu əminliyi ifadə etdi ki, axıra çatdıra bilmədiyi işləri, planları Özü qədər inandığı cənab İlham Əliyev axıra çatdıracaq.
Dövlət başçısı Xankəndi şəhərindən xalqa müraciətində tarixi Zəfərimizə qədər Azərbaycanın keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan geniş bəhs edərək bu mühüm məqamı da diqqətə çatdırdı ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi: “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir”.
Ötən il aprelin 23-də Laçın sərhəd-keçid məntəqəsinin yaradılması ilə ölkəmizin ərazi bütövlüyü, 19-20 sentyabr tarixlərində isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində dövlət suverenliyimiz bərqərar oldu. Oktyabrın 15-də isə Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə üçrəngli bayrağımızın dalğalanması hər birimiz üçün böyük qürur, xoşbəxtlikdir.
Azərbaycan addım-addım bu ana doğru irəlilədi. Xankəndidə, Xocalıda, işğal altında olan bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması hər bir azərbaycanlının böyük arzusu idi. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin işğal dövründəki çıxışlarına diqqət yetirsək hər zaman sonda belə bir əminlik ifadə olunurdu ki, xalqımız torpaqlarımızın işğalı ilə heç zaman barışmayacaq. Bir qarış torpağımız belə düşmənə verilməyəcək. Azərbaycan Bayrağı bütün işğal altında olan torpaqlarımızda dalğalanacaq. Təbii ki, bu günü reallığa çevirmək böyük qətiyyət, mübarizə əzmi tələb edirdi.
İlham Həsənov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri