Loading

“Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir.”

Bayraq hər bir millətin və milli dövlətin mühüm atributiv rəmzlərindən biridir. Başqa sözlə, müstəqil dövlətçiliyin mühüm göstəricilərindən biri olan bayraq bu və ya digər millətlərin, xalqların dövlətçilik ənənələrini, milli dəyərlərini əks etdirən atributdur. Bu baxımdan, bütün xalqların və millətlərin timsalında bayraq müstəqilliyin və milli dövlətçiliyin əsası kimi səciyyələndirilir.

Müasir, müstəqil Azərbaycan Respublikasının milli dövlətçilik ənənələri və dəyərləri müstəqilliyimizin atributiv rəmzi olan bayrağımızda əks olunmuşdur. Üçrəngli bayrağımız haqqında ilk qərar Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən 1918-ci il noyabrın 9-da qəbul olunub. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: “Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin”. Bu bayraq 1920-ci ilin aprelinə qədər Azərbaycanın dövlət rəmzi olub.

Üçrəngli bayrağımız uzun illərdən sonra yenidən Dağlıq Qarabağ ətrafında cərəyan edən hadisələr zamanı qeyri-rəsmi olaraq ziyalılarımızın təklifi ilə 1988-ci ildə Azadlıq meydanında dalğalandırılıb. 1990-cı il noyabr ayının 17-də isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Ümummilli lider Heydər Əliyevin Sədrliyi ilə keçirilən sessiyasında isə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı ilk dəfə olaraq salona gətirildi və Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı elan olundu. 1991-ci ildə xalqın tələbi ilə Ali Sovet “Dövlət bayrağı haqqında” Qanun qəbul etdi və üçrəngli bayrağımıza Azərbaycan Respublikasının dövlət bayrağı statusunu verdi. Daha dəqiq desək, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxaraq bayrağın Azərbaycan Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar çıxardı. Qərarda, həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin – bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi. Naxçıvanda Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırdı və ölkəmizdə milli müstəqillik uğrunda cərəyan edən proseslərə güclü təkan verdi. Beləliklə, Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində dövlətçiliyimizin mühüm atributlarından biri olan milli bayrağımız qəbul olundu.

Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir.” Prezident İlham Əliyevin bu sözləri Azərbaycan bayrağına olan sevginin, ehtiramın ən gözəl ifadəsidir. Dövlət başçısının milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə qabarıq göstərir. Üçrəngli bayrağımız Azərbaycanımızın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir.  Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında üçrəngli dövlət bayrağımızı bu gün Şuşada, Xankəndində və işğaldan azad olunmuş digər əzəli torpaqlarımızda qürurla dalğalanır!

 

Aytəkin Mahmudova,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın