Milli birlik və siyasi həmrəylik
Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların Ali Baş Komandanın və ordumuzun ətrafında sıx birləşməsi Azərbaycan cəmiyyətinin monolitliyini gücləndirən əsas amillərdən biridir. Son illərdə ölkəmizdə aparılan köklü islahatlar bütün sahələrin inkişafını təmin etməklə yanaşı, siyasi platformada da yeni münasibətlər sisteminin formalaşmasına yol açıb. Vətən Müharibəsində qazandığımız tarixi qələbə Azərbaycanın dünya birliyindəki reytinqini daha da yüksəltdi və mövqeyini möhkəmləndirdi. Bu ərəfədə Ölkəmizdə heç vaxt mövcud olmamış unikal bir milli həmrəylik və birlik sisteminin formalaşmasının şahidi olduq. Hətta bir sıra ölkələr bu gün Respublikamızı milli həmrəylik sahəsində nümunə kimi göstərirlər.
İndi Azərbaycan dünya birliyində Müzəffər, qalib ölkə kimi tanınır. Bu şanlı Qələbədə Dövlətimizin başçısının siyasi iradəsi, qəhrəman hərbçilərimizin şücaəti ilə yanaşı, milli birlik, həmrəylik də mühüm rol oynadı. Bu faktdır ki, daxilində milli birlik və həmrəyliyi olan ölkələr bütün sahələr üzrə sürətli inkişaf tempinə görə, həmişə qabaqcıllar sırasında olurlar. Xalqımızın gələcəyi və dövlətimizin rifahı naminə bu birliyi və siyasi həmrəyliyi qorumaq bu gün ən vacib şərtlərdən biridir. Bu gün Azərbaycanda xalq-iqtidar birliyi ən yüksək səviyyədədir. Bu uğura Prezident İlham Əliyevin uğurla və böyük uzaqgörənliklə həyata keçirdiyi siyasət nəticəsində nail olunub. Əlbəttə xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hərbi əməliyyatların başladığı ilk gündən Azərbaycan xalqı öz Prezidentinin ətrafında daha sıx birləşdi. Dövlət-xalq-ordu birliyi qırılmaz vəhdət yaratdı. Xalqın qələbə və tarixi ədalətin bərpa olunması ilə bağlı arzularının reallaşması milli birlikdən keçdi.
Ermənistanın ölkəmizə hücumu zamanı dərhal 50 siyasi partiya bəyanat qəbul edərək Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini, Dövlətimizin başçısının siyasi kursunu dəstəklədiyini bəyan etdi. Həmin bəyanatda qeyd edilirdi: “Azərbaycanda fəaliyyət göstərən və bu bəyanatı imzalayan siyasi partiyalar Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə gördüyü bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləyir və onun yanında olduğunu bildirir!”
Beləliklə, Azərbaycanın Vətən müharibəsi xalqımızın parlaq qələbəsi ilə yekunlaşdı. Uzun illərdir düşmən tapdağı altında qalan əzəli və əbədi torpaqlarımız işğaldan azad edildi. Azadlıq savaşı Cənab Prezidentin təkrarsız diplomatik məharəti ilə yanaşı, həm də yenilməz sərkərdəlik qabiliyyətlərini bütün dünyaya göstərdi. Dövlət başçımızın siyasi iradəsi, öz xalqına sədaqəti və düşmənə qarşı yenilməzliyi Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəltdi. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Haqq-ədalət zəfər çaldı. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq.”
Arif Bağırov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri