Qələbə diplomatiyası
Beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi. 44 günlük müharibəyə qədər dünya ictimaiyyətində belə bir fikir var idi ki, ədalətin kimin tərəfində olmasından asılı olmayaraq, beynəlxalq səviyyədə maraq doğuran münaqişələrin müharibə yolu ilə həlli mümkünsüzdür. İkinci dünya müharibəsindən sonra yaranmış yeni beynəlxalq münasibətlər sistemi və 1991-ci ildə formalaşmış yeni geosiyasi konfiqurasiya mühitinin bu və ya digər münaqişələrə baxış bucağı “dondurulma”, “hegemon dövlətlərin həmin münaqişə coğrafiyasında bir-birinə qarşı dolayısı yolla hərbi əməliyyatlarda iştirak etməsi” kimi hallarda özünü göstərirdi. Lakin coğrafi cəhətdən kiçik ölkə olan Azərbaycan son on illər ərzində ilk dəfə olaraq öz ərazi bütövlüyünü işğaldan azad edən dövlət kimi tarix kitablarına adını həkk etməyi bacardı. Təsadüfi deyil ki, Azərbaycanın 2020-ci ildə əldə etdiyi qələbədən sonra separatizmdən, qonşu ölkələrin işğalından əziyyət çəkən dövlətlər hərbi yolla münaqişələrini həll etmək fikrinə düşdü, ordumuzun rəşadətindən ilhamlandı.
Sözsüz ki, 2020-ci ilin payızında əldə edilən qələbə olduqca düşünülmüş sistemli siyasətin nəticəsi idi. Prezident İlham Əliyevin tarixi qələbə ərəfəsində apardığı siyasi-ideoloji xətt, onun iqtisadiyyatı gücləndirməklə hərbi sahədə apardığı islahatlar, dövlət quruculuğu, dövlət idarəetməsi istiqamətində verdiyi bir sıra qərarlar, xarici siyasət fəlsəfəsi ilə bağlı tətbiq etdiyi baxış bucağı Azərbaycanın düşmən üzərində qələbəsini şərtləndirdi. 44 gün davam edən Vətən müharibəsi qüdrətli Azərbaycan Ordusunun döyüş meydanında apardığı şanlı döyüşlərlə yanaşı, Bakının diplomatiya meydanında mübarizəsi, İlham Əliyevin müdrik xarici siyasəti ilə müşayiət olunurdu. Bu dövr ərzində bir sıra dünya liderləri ilə aparılan telefon danışıqları, ölkəmizə edilən səfərlər çərçivəsində xarici nümayəndə heyətləri ilə keçirilən görüşlər, beynəlxalq tədbirlərdə iştirak, xarici ölkələrin aparıcı mətbuat nümayəndələrinə verilən çoxsaylı müsahibələr dövlətimizin başçısının Zəfər diplomatiyasının önəmli tərkib hissələrini təşkil edirdi. Hərbi əməliyyatların ilk günlərindən başlayaraq müharibənin sonunadək dövlət başçısı dünyanın aparıcı media agentliklərinin nümayəndələri ilə görüşüb, onlara müsahibələr verirdi. Bu müddət ərzində Prezident İlham Əliyev Türkiyə, Rusiya, ABŞ, İtaliya, Fransa, Almaniya, İngiltərə, Qətər, Yaponiyadan və digər ölkələrdən olan, dünyaca məşhur 30-a yaxın media quruluşuna müsahibələr verərək, ən yüksək səviyyədə və etibarlı məlumat mənbəyi olmaqla Azərbaycanla bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmışdı.
Dövlət başçısının illər ərzində həyata keçirdiyi diplomatik strategiya Vətən müharibəsi zamanı öz bəhrəsini verdi. Azərbaycan beynəlxalq siyasi arenada tam dəstək ala bildi.
Şölə Bağırova,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini