Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq.
Oktyabrın 24-də Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə plenar iclasda iştirak və çıxış edib.
BRICS Sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatılıblar. Prezident İlham Əliyev Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasının çıxışında gələn ay ölkəmizdə keçiriləcək ən böyük beynəlxalq iqlim konfransının – COP29-a hazırlıq işləri çərçivəsində Azərbaycanın artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verdiyini bildirdi: “Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik. Gələn ay Bakı beynəlxalq iqlim konfransına – COP29-a ev sahibliyi edəcək. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur.
Son illər Azərbaycan bölgədə “yaşıl enerji”nin inkişaf etdirilməsi istiqamətində bir-birinin ardınca önəmli addımlar atır. COP29-un respublikamızda keçirilməsi, eyni zamanda, Azərbaycanın “yaşıl enerji” siyasətinə qlobal dəstəyin ifadəsidir. Azərbaycan COP29-a evsahibliyi edəcəyi 2024-cü ili ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edib. Azərbaycan indi “yaşıl enerji” istehsalını artırmağa və “yaşıl enerji”ni dünya bazarlarına çıxarmağı hədəfləyir və artıq bu istiqamətdə ciddi addımlar atır. Bu, ölkəmizin enerji strategiyasında yeni eranın başlanğıcı deməkdir.
Prezident İlham Əliyevin BRİCS sammitində iştirakı və “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxış etməsi Azərbaycanın bu təşkilatın get-gedə beynəlxalq münasibətlərdə artan çəkisini və rolunu düzgün dəyərləndirməsinin nəticəsidir. Azərbaycanın bu təşkilata üzv olmaq maraqını ortaya qoyması ölkəmizin qlobal, geostrateji hədəflərindən irəli gəlir.
Elşad Əhmədov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri