Loading

Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir.

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Vətən müharibəsinin 24-cü günü – 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub. Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur.

Azərbaycan 44 günlük Vətən müharibəsi yekunlaşdıqdan dərhal sonra düşmən tapdağından xilas edilən ərazilərdə sürətli şəkildə yenidənqurma işlərinə başlayıb. Strateji əhəmiyyətə malik avtomobil və dəmir yollarının keçəcəyi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanda tikilən Beynəlxalq Hava Limanının 2022-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi olub. Bu Hava limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən 2021-ci il oktyabrın 26-da təməli qoyulan Zəngəzur Dəhlizinin Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

Bundan əlavə, Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi həyata keçirilib. 2022-ci il mayın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər. Beləcə, 2022-ci ilin iyulun 19-da Ağalı kəndinə əhalinin köçürülməsinə başlanıb. Böyük Qayıdışın da başlanğıcı olan bu proses tariximizdə çox yaddaqalan hadisə olub.

Zəngilanın Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi nəzərdə tutulub. Burada məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. “Ağıllı kənd” layihəsi orada məskunlaşan əhali üçün kifayət qədər üstünlüklər təklif edir. Onların həyatını asanlaşdırmaq, istehsal və xidmət sektorunda səmərəliliyi artırmaq üçün müasir texnologiyaların imkanlarından istifadə edilir. Yəni bu kənddə hər üç komponent – ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda ağıllı təsərrüfat tətbiq edilir. Həm də əlverişli biznes mühiti yaradılır.

Qeyd edək ki, Ağıllı kənd layihəsinin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. İnnovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi başa çatdırılıb. Kənddə yaradılan “Ağıllı məktəb”də distant təhsilin aparılması üçün bütün imkanlar var. Yeraltı kommunikasiya işləri başa çatdırılıb, o cümlədən içməli su, çirkab və sel suları xətləri istifadəyə verilib. Kəndin girişində park salınıb və buradakı fəvvarə ilə bərabər, sülhü ifadə edən göyərçin abidəsi ucaldılıb. Abidə müharibə ağrılarının, gələcək həyatın, dirçəlişin, sülh və əmin-amanlığın simvoludur. Bu gün Ağalı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Yenidən qurulan kənddə küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğa davamlı ekoloji evlərin inşası, günəş panellərinin quraşdırılması kimi müasir şəhərsalma standartları tətbiq edilib.

Zamanla “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının bütün ölkə üzrə reallaşdırılması daha yüksək yaşam standartlarının tətbiqinə, kənd təsərrüfatında və istehsalatda yeni innovasiyalar sayəsində ciddi inkişafa, bütövlükdə isə enerji resurslarından səmərəli istifadəyə gətirib çıxara bilər. Bu məqsədlə Qarabağ bölgəsində həyata keçirilən layihələr gələcəkdə bütün ölkə üçün pilot layihə kimi baza rolunu oynaya bilər. Bu tipli layihələr bölgənin gələcək inkişafında mühüm rol oynayacaq.

 

Rəhim İmanov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın