Loading

Azərbaycan ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir.

Azərbaycan və Rusiya arasında mövcud siyasi əlaqələrin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsir göstərir. Xüsusilə ölkələ­rimizi bir-birinə yaxınlaşdıran, əmək­daşlığı dərinləşdirən geniş hüquqi bazanın yaradılması və mütəmadi qaydada iqtisadi forum və konfransların keçirilməsi bu məsələdə həlledici rol oynayır.

Ticarətin asanlaşdırılması və ticarət axınının şaxələndirilməsi, gömrük və sərhəd-keçid infrastrukturunun təkmil­ləşdirilməsi, dövlət sərhədindən yük da­şımalarının həcminin, habelə buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin artırılması tədbirləri nəticəsində Azərbay­can-Rusiya ticarət-iqtisadi əlaqələri bu gün də dayanıqlı inkişaf dinamikasının təmin edilməsini gerçəkləşdirir.

Bütün bunlar barədə prezidentlər İlham Əliyevin Vladimir Putin ilə avqustun 19-da məhdud və geniş tərkibdə keçirdiyi gö­rüşlərdə, eləcə də dövlət başçılarının mət­buata bəyanatlarla çıxışlarında geniş bəhs edilib. Dövlətimizin başçısı bəyanatında bildirib ki, iki ölkə arasında iqtisadi-tica­ri münasibətlər yüksək səviyyədə inkişaf edir. Keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Ötən il bu sahə­də 4 milyard dollar həddinin keçilməsi isə perspektivdə daha yüksək göstəricilərin əldə olunacağı əminliyi yaradır.

Prezident İlham Əliyev bəyanatında dövlətlərarası münasibətlər üçün mühüm önəm daşıyan regional nəqliyyat dəhliz­ləri, nəqliyyat yolları, “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi ilə bağlı məsələlərə də toxunaraq deyib: “Azərbay­canın ərazisində Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliy­yətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğu­luq. Biz ildə 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır. Ümidvaram ki, hazırkı şəraitdə Ru­siya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliy­yətini davam etdirəcəklər”.

Yeri gəlmişkən, Şimal–Cənub Bey­nəlxalq Nəqliyyat Dəhlizinin təməli 2000-ci il sentyabrın 12-də Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası saziş əsasında qoyulub. Dəhlizin yaradılmasında məqsəd Hindistandan Ru­siyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azalt­maq olub.

Sözügedən nəqliyyat marşrutunun for­malaşmasında tranzit ölkə kimi mühüm rol oynayan Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Avrasiya materikinin şimal və cənub hissələri arasında mühüm nəq­liyyat-logistika rolunu oynayan dəhlizin Azərbaycan ərazisindən keçən hissəsin­də ötən müddətdə böyük infrastruktur layihələri həyata keçirilib. Bu baxımdan Bakı Dəniz Ticarəti Limanı xüsusi əhə­miyyət daşıyır. Son illər limanın yükaşır­ma qabiliyyətinin artırılması ilə bağlı gö­rülən işlər onun beynəlxalq statusunu xeyli gücləndirir. Bundan əlavə, Ələt-Astara av­tomobil yolunun yenidən qurulması, İran Astarası ilə Azərbaycan Astarası arasında yeni dəmir yolu körpüsünün istifadəyə ve­rilməsi ölkəmizin tranzit rolunun xeyli art­masına səbəb olub.

Bütövlükdə isə, Prezident İlham Əliyevin “Şimal–Cənub Beynəlxalq Nəq­liyyat Dəhlizinin Azərbaycan Respubli­kasının ərazisindən keçən hissəsində işlə­rin sürətləndirilməsi haqqında” 7 dekabr 2015-ci il tarixli sərəncamına uyğun olaraq Astara (Azərbaycan)–Astara (İran) dəmir yolu xəttinin Astaraçay üzərindəki körpü­yə qədər 8,3 kilometr yeni yol tikilib, As­taraçay üzərində dəmir yolu və avtomobil körpüləri inşa olunub, buradan İran İslam Respublikası ərazisində yaradılmış yük terminalına qədər 1,4 kilometr yol çəki­lib. Dəhliz çərçivəsində nəzərdə tutulmuş infrastruktur layihələri tamamlandıqdan sonra İran ərazisindən keçməklə Bakıdan Naxçıvan Muxtar Respublikasına dəmir yolu ilə birbaşa daşımaların təşkili müm­kün olacaq.

Yaxın gələcəkdə Şimal-Cənub Bey­nəlxalq Nəqliyyat Dəhlizinin illik gəliri 20 milyard dollara çatacaq. Eyni zamanda, dəhlizin tam gücü ilə fəaliyyətə başlama­sı gələcəkdə Azərbaycanın da tranzit gə­lirlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Ekspertlər hesab edirlər ki, ölkəmiz bu nəqliyyat dəhlizi ilə tranzit yüklərin daşınmasından ildə 2,5-3 milyard dollar qazanacaq.

 

Günel Əliyeva,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini

Bir cavab yazın