Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələri getdikcə inkişaf edir. Şübhəsiz ki, bu dinamikanı, ilk növbədə, Prezident İlham Əliyevin mütəmadi olaraq Mərkəzi Asiya dövlətlərinə, eləcə də həmin regionda yerləşən ölkələrin başçılarının isə respublikamıza davamlı səfərləri şərtləndirir. Eyni zamanda, bu səfərlər zamanı imzalanan sənədlər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır.
Qeyd edək ki, sözügedən əməkdaşlığın möhkəmlənməsinə dövlətimizin başçısı İlham Əliyevin müdrik rəhbərliyi ilə reallaşdırılan uğurlu iqtisadi islahatlar müsbət təsir göstərib. Bunun nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Ələt Dəniz Ticarət Limanının inşası və imkanlarının artırılması, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, respublikamızın Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında böyük həcmdə daşımaları şərtləndirib. Bu isə Azərbaycanın tranzit imkanlarını gücləndirib, Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafını daha da sürətləndirib.
Bütün bunlar Prezidenti İlham Əliyevin avqustun 8-də Qazaxıstana səfəri zamanı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündəki çıxışında da öz ifadəsini tapıb. Dövlətimizin başçısı deyib: “Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir. Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir”.
Ölkə rəhbəri çıxışında Ermənistan tərəfindən, təxminən, 30 illik işğal dövründə Qarabağda 9 şəhər və yüzlərlə yaşayış məntəqəsinin xarabalığa çevirildiyini, qəsbkardan təmizlənən ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparıldığını və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının davam etdirildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev daha sonra ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışının reallaşdığını, həmçinin cari il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirildiyini və bu qardaşlıq dəstəyinə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürünü bildirib.
Bəli, bu yaxınlıq və doğmalıq Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdalığının getdikcə möhkəmlənməsini şərtləndirir. Münasibətlər demək olar ki, həyatın bütün sahələrində özünü qabarıq büruzə verir. Məsələn, dövlətimizin başçısı nitqində vurğuladığı kimi, Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” “yaşıl enerji” sahəsində əməkdaşlıqda ilk addımdır.
Qeyd edilib ki, Azərbaycan Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirir. Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondlarının yaradılması da bunun təsdiqidir. Həyata keçirilən “Rəqəmsal ipək yolu” layihəsinin rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcəyi əminliyi də əməkdaşlığın dinamik inkişafından xəbər verir.
2020-ci ildə Vətən müharibəsində Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad edən Azərbaycan bununla Türk dünyası ölkələri arasında coğrafi bağlantını da təmin etmək üçün gözəl imkan yaradıb. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndin yer alması və bu müddəanın yerinə yetirilməsi Türk dövlətlərini coğrafi baxımdan da bir-birinə bağlayacaq, Şərqdən Qərbə uzanan vahid marşrut xəttini formalaşdıracaq ki, bu da böyük bir coğrafiyada yüklərin rahatlıqla, qısa zaman kəsiyində və daha münasib qiymətə daşınmasına böyük töhfə verəcək.
Prezident İlham Əliyevin Astana şəhərində Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının görüşündə iştirakı respublikamızla Mərkəzi Asiya ölkələri arasında iqtisadi və ticarət əməkdaşlığının dərinləşdirilməsi istiqamətində əhəmiyyətli addımların atılmasına imkan yaradır.
Anarə Mustafayeva,
YAP Neftçala rayon təşkilatının fəal üzvü