Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir.
İyulun 6-da Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının növbəti qeyri-rəsmi zirvə görüşü keçirildi. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə hər il keçirilən zirvəni bu il erməni işğalından azad olunmuş Şuşa şəhərində keçirilməsi xüsusilə fərqləndirdi. Tədbirdə iştirak və çıxış edən dövlət başçıları birmənalı şəkildə təşkilatın gücünə güc qatılmasının, qüdrətinin artırılmasının zəruriliyini vurğuladılar, türk dövlətlərinin birgə icra etdikləri layihələrin icrasında daha böyük uğurun əldə olunması üçün təkliflərini səsləndirdilər.
Qeyd edək ki, 2024-cü ilin 1-ci rübündə Türk dövlətlərinin ÜDM-i 518,4 milyard ABŞ dolları, ticarət dövriyyəsi 285,7 milyard ABŞ dolları təşkil edib. 2024-cü ilin ilk rübündə iqtisadi artım Türkiyədə 5,7 faiz, Azərbaycanda 4 faiz, Özbəkistanda 6,2 faiz, Qırğızıstanda 8,8 faiz, Qazaxıstanda 3,7 faiz, Macarıstanda 1,1 faiz, Şimali Kipr Türk Respublikasında 3,5 faiz və Türkmənistanda 6,3 faiz olub ki, bununla da Türk dövlətlərinin iqtisadi artımı orta hesabla 4,9 faiz qeydə alınıb(İİTKM, Türk İqtisadi İcmalı).
Azərbaycanda iqtisadi artım neft və qaz sektoru ilə yanaşı, qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatı və istehsalatda qeydə alınıb. Qazaxıstan iqtisadiyyatında mədənçıxarma və tikinti sahələrində nəzərəçarpan artım və inflyasiyanın sabitliyi müşahidə edilib. Qırğızıstanda mədənçıxarma və xidmət sektorlarında birbaşa xarici investisiyaların (BXİ) axınının artması müşahidə olunur. Türkiyə iqtisadiyyatı 2024-cü ilin 1-ci rübündə daxili tələbatın yüksəlməsi və ixracın canlanması nəticəsində 5.7% artıb, işsizlik səviyyəsi 9,8%-ə enib ki, bu da əmək bazarı şəraitinin yaxşılaşdığını göstərir. Türkmənistan iqtisadiyyatı infrastruktura investisiyalar və qaz ixracı ilə dəstəklənən artım sayəsində fiskal sabitliyi təmin edib ki, təbii qaz ixracından artan gəlirlər hesabına fiskal profisitə malik olub. Özbəkistanda infrastruktura və istehsala yönələn investisiyalar hesabına güclü iqtisadi artım qeydə alınıb və iqtisadiyyatın dayanıqlığını gücləndirən xarici ehtiyatların payının çoxalmasını təmin edib. Macarıstan iqtisadiyyatı sənaye istehsalı və ixracı ilə dəstəklənən artım nümayiş etdirib, dövlət borcunun azalması, fiskal dayanıqlığın yaxşılaşması baş verib. Şimali Kipr isə turizm və tikinti fəaliyyətləri hesabına artım əldə etməklə iqtisadi fəallığını yüksəldib.
Azərbaycanın dövlət başçısının da vurğuladığı kimi, Türk dünyası böyük coğrafi məkanı əhatə edir: “Üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensial döyüş meydanlarında özünü dəfələrlə göstərib. Zəngin təbii resurslar, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, habelə mədəniyyət türk dünyasının böyük sərvətidir”.
Bu gün türk dövlətləri qlobal əhəmiyyətli layihələrin icrasını həyata keçirirlər. Bunlardan ən mühümü, əlbəttə, Şərq-Qərb, yaxud Transxəzər nəqliyyat dəhlizidir. 2014-cü ildən fəaliyyət göstərən bu dəhliz Çin, Özbəkistan, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrinə qədər uzanır. 2023-cü ildə bu marşrutla 2,8 milyon tona yaxın yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86 faiz çoxdur. 2024-cü ildə yükdaşımaların həcmi 4 milyon tonu keçəcək. Bu ilin sonuna qədər Orta Dəhliz vasitəsilə 250-yə yaxın konteyner bloku qatarının göndərilməsi planlaşdırılır.
Türk dövlət başçılarının Şuşa zirvəsində gündəm mövzusu olan Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsinin vacibliyini vurğulayan İ.Əliyev onun prioritet məsələ olduğunu qeyd etdi: “Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşımızda duran prioritet məsələlərdən biridir. Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırılıb.
Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək”.
Azərbaycan Şərq-Qərb dəhlizinin inkişafına çox böyük töhfələr verir. Artıq əksər beynəlxalq analitik mərkəzlərdə bi dəhlizin inkişafından iştirakçı ölkələrin böyük fayda görəcəyini açıqlayırlar.
Şəhriyar Ələkbərov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri