Loading

Azərbaycan Milli Ordusunun formalaşması prosesində yeni mərhələ.

Dövlətin qüdrətini şərtləndirən amillər sırasında iqtisadi yüksəliş və güclü ordu daha böyük rola malikdir. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Dünya ictimaiyyəti etiraf edir ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur.

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində özünəməxsus rolu və miras qoyduğu yeni milli dəyərlərlə tarixləşdi. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu qərar Şərqin ilk demokratik hökumətinin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Şəxsi heyəti 1919-cu ilin sonlarında 25 min nəfər olan Azərbaycan Ordusunun 1920-ci ildə 40 min nəfərə çatdırılması planlaşdırılırdı… Sovetlər imperiyası ADR-i ilhaq etdikdən sonra hərbi nazirlik ləğv olundu, ordu quruculuğunu başa çatdırmaq mümkün olmadı.

Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra – 1991-ci il oktyabrında Milli Ordunun yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi. Müstəqilliyin ilk illərində ölkəmiz bütün sahələrdə olduğu kimi, hərbi sahədə də ciddi böhranla üzləşmişdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas məsələ Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı sahəsində də problemlər vardı. Ancaq tədricən müharibədəki mövqe məğlubiyyətlərinin qarşısını almaq üçün ölkənin bütün imkanları milli ordu quruculuğuna səfərbər edildi. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Səfərbərlik və orduya çağırış işi nizamlandı.

Ölkəmizdə peşəkar ordu quruculuğunun əsası 1993-cü ilin sonlarında qoyuldu. Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra həm prezident, həm də Ali Baş Komandan olaraq, ordunun qüdrətli olmasına diqqət yönəltdi. Ordu vahid komandanlıq ətrafında birləşdirildi və nizami ordu yaradıldı. Məhz həmin vaxtdan ordu quruculuğuna elmi prinsiplərlə yanaşıldı, elmi əsaslarla davam etdirildi, ordu siyasi təsirlərdən xilas edildi. Ulu öndər Heydər Əliyev ordu ilə xalq arasındakı əlaqələri yeni bir səviyyəyə qaldırdı, bu əlaqələri daha da səmərələşdirdi, səmimiləşdirdi. Bütün fəaliyyətində xalqa güvənən, xalqın etimadına arxalanan ümummilli lider Heydər Əliyev xalqı ordunun güc mənbəyi, ordunu xalqın bir hissəsi bilirdi və əmin idi ki, xalqın orduya belə münasibəti, xalqın ordunu qayğı ilə əhatələməsi ordunun inkişafının və möhkəmlənməsinin əsas şərtlərindən biri olacaqdı.

Heydər Əliyev hər şeydən əvvəl ordu quruculuğuna dövlət rəhbərliyini təmin edərək bu prosesi dövlətin müstəsna səlahiyyətləri səviyyəsinə qaldırdı. Ordunu siyasətdən kənarlaşdıraraq ölkə Konstitusiyasından irəli gələn vəzifələrə xidmət göstərməsini təmin etdi, ordunun formalaşmasını, təşkilatlanmasını və təchizatını qəbul edilmiş qanunlarla normalaşdırdı, orduda vahid komandanlığın praktiki əsaslarını yaradaraq idarəetmə strukturlarına qarşı məsuliyyəti ciddiləşdirdi, ordu quruculuğunu dövlət quruculuğunun digər sahələri ilə üzvü şəkildə əlaqələndirdi. Ordu dövlətin gündəlik qayğısı ilə əhatə olundu, tələbatları vaxtlı-vaxtında ödənildi, bu istiqamətdə dövlətin bütün orqanlarının cavabdehliyi artırıldı. Dövlətin və xalqın mənafelərinə cavab verən hərbi siyasət müəyyənləşdirildi ki, bununla da ordu quruculuğunun  vəzifələri, onların icra yolları konkretləşdirildi, dövlətin yetərli müdafiə qabiliyyətinin yaradılması üçün əməli addımlar atıldı.

Bu gün Ali Baş Komandan İlham Əliyev də Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. Xalqın orduya doğma münasibəti, xalqın ordunu qayğı ilə əhatə etməsi daha da möhkəmlənib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən müdrik siyasət, qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirdi. Bunu beynəlxalq ekspertlər də etiraf edirlər. Dövlətimizin siyasi və iqtisadi baxımdan davamlı inkişafı ordumuzun gələcəkdə də öz inkişaf tempini saxlamaq üçün əsaslı bir təminatdır.

 

Yalçın Səfərov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın