Loading

Birliyin göstəricisi.

İyunun 6-da Milli Məclisdə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü Plenar iclası keçirilib. İclas “Türk dünyası üçün yaşıl üfüqlər: yaşıl gündəliyə nail olunmasında parlamentlərin rolu” mövzusuna həsr olunub.

İclası açan TÜRKPA-nın fəaliyyətdə olan sədri, Azərbaycan Respublikası Milli Məclisinin spikeri  Sahibə Qafarova qardaş türk dövlətlərinin parlament sədrlərini, bütün nümayəndə heyətlərini salamlayaraq iclas çərçivəsində aparılacaq müzakirələrin əməkdaşlığımızın və birgə fəaliyyətimizin daha da genişlənməsinə təkan verəcəyinə inamını ifadə edib.

O, Azərbaycan Respublikasının Milli Məclisinin qarşıdakı dövrdə TÜRKPA-ya sədrliyi dövründə təşkilat çərçivəsində parlamentlərarası əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində bütün zəruri addımların atılacağını bildirib.

Çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin cari il fevralın 14-də Milli Məclisdə keçirilmiş andiçmə mərasimində səsləndirdiyi “Bizim ailəmiz Türk dünyasıdır. Bizim başqa ailəmiz yoxdur” fikrini iclas iştirakçılarının diqqətinə çatdıran Milli Məclisin spikeri vurğulayıb ki, Türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biri olaraq qalmaqda davam edəcək. Onun sözlərinə görə, qardaş ölkələrimiz arasında əməkdaşlıq əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli formatda olduqca uğurla inkişaf edir. Çoxsaylı qarşılıqlı səfərlər, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə həyata keçirilən layihələr və atılan addımlar, beynəlxalq aləmdə birgə fəaliyyət və qarşılıqlı dəstək bu əməkdaşlığın geniş miqyasının bariz göstəricisidir.

“Türk dünyasının birləşməsi bütün türkdilli xalqların gələcəyi üçün son dərəcə önəmlidir. Buna görə də Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr bu istiqamətdə böyük səylər göstərirlər. Azərbaycan da üzv olduğu bütün digər beynəlxalq təşkilatlardakı kimi, Türk Dövlətləri Təşkilatında mühüm təşəbbüslərlə çıxış edir. Öz çıxışında cənab Prezident İlham Əliyev Təşkilatın ildə bir dəfə Zirvə görüşünün keçirilməsini qənaətbəxş hesab etmədiyini bildirdi. Buna görə də Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Bu ali toplantının əsas mövzuları isə nəqliyyat və iqlimlə bağlı olacaq. Nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. İqlim məsələləri isə bu gün Azərbaycanın gündəliyində duran əsas vəzifələrdən biridir”.

Prezident İlham Əliyev çıxışı zamanı bildirmişdir ki,  Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Ötən dövr ərzində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər. Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentləri Ağdamda və Füzulidə olmuşlar. Azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir İncəsənət Mərkəzi fəaliyyətə başlamışdır. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Daha bir məktəbin təməli isə bu yaxınlarda Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Bütün bunlar, azad edilmiş torpaqlarda Türk dünyasının birliyinin əyani təzahürləridir”.

 

Yalçın Səfərov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın