Hazırda iki layihə işlənilməkdədir – onlardan biri inşaat mərhələsindədir, digərinin tikintisi isə tezliklə başlanacaq.
İyunun 4-də işə başlayan Bakı Enerji Həftəsi davam edir. İyunun 5-də tədbir çərçivəsində Bakı Enerji Forumu işə başlayıb. Tədbirdə çıxış edən Avropa Komissiyası Enerji Platformasının İşçi Qrupunun və Beynəlxalq Əlaqələr İdarəsinin Enerji üzrə Baş Direktoru Kristina Lobillo Borrero bildirib ki, Azərbaycan Avropa üçün qaz tədarükü və təchizatında etibarlı tərəfadaşdır və bu məsələdə xüsusi olaraq bir nümunədir.
K.Borrero qeyd edib ki, Avropa hər zaman alternativ qaz mənbələri və Rusiya qazını əvəz edəcək qaz təminatçısı axtarmaqdadır: “Azərbaycan bu məsələdə Avropa üçün qaz tədarükü və təchizatında etibarlı tərəfdaşdır”.
Qeyd edək ki, iyunun 4-də Bakı Enerji Həftəsinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev də Avropada Azərbaycan qazına tələbin getdikcə artdığını bildirib. Ölkənin ən böyük qaz yatağı olan “Şahdəniz”in işə salınmasını mühüm tarixi hadisə kimi dəyərləndirən Prezident onun Azərbaycanda qaz qıtlığını aradan qaldırdığını qeyd edib: “”Şahdəniz” Azərbaycanda qaz qıtlığına son qoydu. Çünki ondan əvvəl biz təbii qazı idxal edirdik, indi onu ixrac edirik və bizim ixracımız artır, çox güman ki, bu il 24 milyard kubmetrdən artıq olacaq. Səkkiz ölkə Azərbaycandan qaz alır və Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut etdi. Bir neçə ay bundan öncə keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantısında Avropa Komissiyası Azərbaycanı ümumavropa qaz təchizatçısı adlandırdı və bu, həqiqətdir. Çünki bizim təbii qazı alan səkkiz ölkədən altısı Avropa ölkəsidir. Qaz təchizatımızın coğrafiyası, əlbəttə ki, artacaq. Hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə danışıqların aktiv fazası gedir.
Dəfələrlə dediyimiz kimi, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. İdxaldan asılı olan ölkələr əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər. Bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb”.
İ.Əliyev məhz etibarlı tərəfdaş olduğuna görə Azərbaycanın yaşıl enerji sahəsindəki təşəbbüsünün Avropa İttifaqı tərəfindən dəstəkləndiyini deyib: “Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik. Ötən ilin oktyabrında “Masdar” şirkəti 230 meqavat gücündə günəş elektrik stansiyasını istifadəyə verib. İndi isə daha 1 qiqavat enerji həcmi əlavə edilir.
Hazırda iki layihə işlənilməkdədir – onlardan biri inşaat mərhələsindədir, digərinin tikintisi isə tezliklə başlanacaq. Bununla da Azərbaycanın bərpaolunan enerji potensialı 2 qiqavata yaxın olacaqdır. Buraya təkcə günəş və külək enerjisi daxildir. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı gördüyümüz işləri əlavə etsək görərik ki, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir. Bir daha təkrar edirəm ki, bu, sadəcə, başlanğıcdır.
Namiq Məmmədov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri