Loading

Ölkələr malik olduqları təbii sərvətlərə görə mühakimə olunmamalıdırlar.

Ötən ayın ən vacib hadisələrindən biri heç şübhəsiz, dövlət başçımızın “15-ci Petersberq iqlim dialoqu”nda iştirak etməsi   idi.  Bu mötəbər tədbir Bakıda keçiriləcək COP29-la bağlı danışıqlarda mühüm mərhələlərən biridir. Petersberq İqlim Dialoqu, Almaniya hökuməti tərəfindən təşkil edilən və 2010-cu ildən bəri hər il keçirilən beynəlxalq iqlim konfransıdır. Bu dialoqun əsas məqsədi, beynəlxalq iqlim danışıqlarını irəliyə aparmaq və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası çərçivəsində aparılan danışıqları dəstəkləməkdir.

Ümumilikdə, Petersberq İqlim Dialoqunun əsas məqsədləri dövlət və hökumət başçılarını, nazirləri və yüksək səviyyəli nümayəndələri bir araya gətirərək iqlim dəyişikliyi məsələsində siyasi iradəni artırmaq, ölkələr arasında koordinasiyanı və əməkdaşlığı təşviq edərək, iqlim dəyişikliyi ilə mübarizə və adaptasiya sahəsində praktiki həll yolları və strategiyaları müzakirə etmək, iqlim siyasətində əldə edilən uğurların və təcrübələrin paylaşılması və BMT-nin İqlim Dəyişiklikləri üzrə Konfransına hazırlıq məqsədilə məsələləri müzakirə etmək və uyğunlaşmanı təmin etməkdir. Bu dialoq, beynəlxalq səviyyədə iqlim siyasətində mühüm rol oynayır və hər il keçirilən COP konfranslarına hazırlıq üçün mühüm platforma hesab edilir.

Ölkə başçımız bu çərçivədə keçirilən tədbirdə iştirakı zamanı “Euronews” telekanalına müsahibə verib. Sualları cavablandırarkən vacib nüanslara toxunan dövlət başçımızın nitqində xüsusilə önə çıxan başlıqlardan biri də bu günə qədər daha bir neçə dəfə səsləndirdiyi, qazıntı yanacağı ilə zəngin olan ölkələrin günahlandırılmaması ilə bağlı idi. Ölkə başçımız beynəlxalq tədbirdəki çıxışında da bu məsələyə toxunaraq haqlı olaraq qeyd etmişdi ki, neft və qaz ehtiyatları bizim günahımız deyil. Bu, Tanrıdan verilən vəsilədir. Buna görə biz mühakimə olunmalı deyilik. Biz həmin ehtiyatların ölkənin inkişafına, yoxsulluğun və işsizliyin azaldılmasına, yaşıl gündəliklə bağlı tutduğumuz hədəflərə yönəldilməsinə görə dəyərləndirilməliyik. Bəli, hazırda dünyada belə bir tendensiya var ki, neft və qazla zəngin ölkələr tənqid olunur. Ancaq bunun onların günahı olmadığını anlamaq və qəbul etmək lazımdır.  Doğrudur ki, müasir dövrdə neft və qaz kimi fosil yanacaqların istifadəsi ətraf mühitə və iqlim dəyişikliyinə böyük təsir göstərir. Əsas narahatlıq məhz bu resursların istifadəsi nəticəsində yaranan istixana qazlarının atmosferə yayılması və bunun qlobal istiləşməyə səbəb olmasıdır. Buna görə də, mühakimə obyekti resursların özü deyil, onların istifadə üsulları və bu prosesin nəticələri olmalıdır. Bunun həll yolları ilə bağlı çalışmaq isə hər bir dövlətin öhdəliyidir. Bu gün dövlətlər fosil yanacaqlara alternativ olan daha təmiz enerji mənbələri və texnologiyaları inkişaf etdirməkdədir. Bu, iqlim dəyişikliyi ilə mübarizədə vacib bir addımdır. Qeyd edək ki, ölkəmizdə də bu istiqamətdə də böyük işlər görülür. İqlim dəyişikliyi ilə mübarizə çərçivəsində Azərbaycan, karbon emissiyalarının azaldılması istiqamətində tədbirlər görür. Bu, həm bərpa olunan enerji mənbələrinə keçidlə, həm də enerji səmərəliliyinin artırılması ilə əlaqədardır. Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrindən istifadənin artırılması və enerji səmərəliliyinin yüksəldilməsi məqsədilə strateji planlar da hazırlamışdır. Bu strategiya, enerji sektorunun daha davamlı və rəqabətqabiliyyətli olmasını təmin etməyə yönəldilmişdir. O da vurğulanmalıdır ki, Azərbaycan hökuməti külək, günəş və su enerjisi kimi bərpa olunan enerji mənbələrinə investisiyaları artırmaq üçün bir sıra layihələr həyata keçirməkdədir. Ümumilikdə, Azərbaycanın yaşıl enerji siyasəti, ölkənin enerji təhlükəsizliyini artırmaq, ətraf mühiti qorumaq və qlobal iqlim dəyişikliyi ilə mübarizədə töhfə vermək məqsədi daşıyır. Bu siyasət həm də iqtisadi inkişafı və yeni iş yerlərinin yaradılmasını dəstəkləyir.

 

Rühəngiz Nəcəfova,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini

Bir cavab yazın