“Torpaqlarınızı qaytarmağınız və onu dirçəltməyiniz əsrlər boyu, uzun illər yaddaşlarda qalacaq.”
“Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etmişəm”. Bu fikirləri Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko ilə mətbuata bəyanatında bildirib. Dövlət başçısı vurğulayıb ki, hazırda gördüyümüz və həyata keçirəcəyimiz işlərin miqyası çox genişdir. Ərazini sıfırdan bərpa etmək lazım gəlir. Müqayisə üçün deyim ki, Livanın bütün ərazisi, üstəgəl bütün bu ərazinin 50 faizi qədər sahəni. Bütün bunları, sadəcə, daşın daş üstündə qalmadığı ərazidə görüləcək işləri təsəvvür etmək üçün söylədim. İşğal illərində hər şey dağıdılıb. İnfrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir. Ona görə də Belarus şirkətlərini bu prosesə fəal qoşulmağa dəvət edirik.
Belarus Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatında deyib ki, siz çox işlər görmüsünüz. Siz cənnətdə yaşayırsınız. Sizin təbiətiniz cənnətdir. Torpaqlarınızı qaytarmağınız və onu dirçəltməyiniz əsrlər boyu, uzun illər yaddaşlarda qalacaq. Bütün bunları ona görə deyirəm ki, əgər həmin torpaqların dirçəldilməsi üzrə bu böyük prosesdə bizə yer tapılarsa, onda bu yükün altına girməyə hazırıq və bu, sizin üçün sərfəli olacaq. Məsuliyyətlə bildirirəm ki, biz bunu böyük məmnuniyyətlə və dünyada heç kimin edə bilməyəcəyi səviyyədə edəcəyik.
Ölkəmizdə dövlət səfərində olan döst ölkənin Prezidenti Aleksandr Lukaşenkonu mayın 17-də Füzuli Beynəlxalq Hava Limanında Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb. Belarus Prezidentinə Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları barədə məlumat verilib. Bildirilib ki, “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanı 2021-ci il oktyabrın 26-da istifadəyə verilib. Ən müasir səviyyədə inşa olunan bu aeroport istənilən tip hava gəmisini qəbul etmək imkanına malikdir. Zəngilan Beynəlxalq Hava Limanının açılışı 2022-ci il oktyabrın 20-də olub. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının inşası bu il tamamlanacaq.
Belarus Prezidentinin 16 may tarixində Azərbaycana etdiyi dövlət səfəri ölkələrimiz arasında əlaqələrin keyfiyyətcə yeni, daha yüksək mərhələyə keçidinə güclü təkan olacaq. Belarus və Azərbaycan arasında əlaqələr kifayət qədər geniş sahələri əhatə edir. Bura təhlükəsizlik, iqtisadi, siyasi və beynəlxalq arenada qarşılıqlı dəstək kimi strateji əhəmiyyət kəsb edən sahələr də aiddir. Belarusun zəngin şəhərsalma, aqroşəhərciklərin tikintisi təcrübəsinin, müasir texnologiyalarının, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tətbiqi çox yüksək səmərə verə bilər. Bununla yanaşı, dövlət başçılarının istər təkbətək, istərsə də geniş tərkibdə keçirdikləri görüşlərin gedişində hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri və ümumiyyətlə, ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq bir çox məsələlər geniş şəkildə müzakirə olunub. Əldə edilən razılıqlar və imzalanan sənədlər Azərbaycan-Belarus münasibətləri bundan sonra daha da yüksək dinamika ilə inkişaf edəcək.
Xanım Kərimova,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini