Loading

Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi.

“Azərbaycan yekdil qərarla COP29-a ev sahibliyi edəcək ölkə kimi seçildi. Biz indi öz rolumuzu körpülərin salınmasında görürük”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.Tariximiz, coğrafiyamız, qarşılıqlı əlaqələrimiz, Avropa təsisatları ilə münasibətlər, eyni zamanda, coğrafi baxımdan Qərb ilə Şərq arasında yerləşməyimiz sayəsində çox işlər görə biləcəyimizi xatırladan dövlətimizin başçısı deyib: “Maliyyə COP29-un əsas mövzusu olacaq. Amma bizə həmrəylik və qarşılıqlı etimad lazımdır”.

Göründüyü kimi, mühüm əhəmiyyət kəsb edən beynəlxalq forumların, konfransların təşkili ölkəmizdə ənənə halını alıb. Aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum da bu ənənənin davamıdır. 30 ölkədən 64 beyin mərkəzi nümayəndəsinin qatıldığı tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev bir çox məsələlərə – Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilməsi, Azərbaycanın Naxçıvanla əlaqəsinə Ermənistanın maneələr törətməsi, Zəngəzur dəhlizi, Cənubi Qafqaz ölkələrinin potensialı, eləcə də COP29-un üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələrin aparılması üçün fürsət yaradacağı və gələcək əməkdaşlıq üçün yol açacağına toxunub.

Xatırladaq ki, bu platformanın əsası 2008-ci ilin 2-3 dekabrında Bakıda Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin iştirakı ilə keçirilən “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzulu konfransda qoyulub. Azərbaycan tədbirə müsəlman ölkələrinin mədəniyyət nazirlərini də dəvət etməklə qlobal dialoqa pəncərə açdı. Prezident İlham Əliyev konfransda “Bakı Prosesi” təşəbbüsünü irəli sürdü: “Mən çox istəyirəm ki, “Bakı Prosesi” mədəniyyətlər arasında dialoqun, anlaşmanın möhkəmlənməsinə dəyərli töhfəsini versin. Belə tədbirlərin keçirilməsi ənənəyə çevrilsin”. Konfransda “Bakı Bəyannaməsi” qəbul olundu və tarixi proses başlandı.

“Bakı Prosesi” təşəbbüsü daha sonra 2009-cu ilin oktyabrında İslam ölkələri mədəniyyət nazirlərinin paytaxtımızda keçirilən konfransında müzakirə olundu. Azərbaycan ənənəyə sadiq qalaraq tədbirə Avropa Şurasından qonaqlar da dəvət etmişdi. Konfransda “Bakı Prosesi” – sivilizasiyalar arasında dialoqa yeni çağırış” adlı sənəd qəbul olundu.

2010-cu ilin sentyabrında BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış edən Prezident İlham Əliyev ölkəmizin mədəniyyətlərarası dialoq üzrə ilk Dünya Forumunu keçirmək niyyətini bəyan etdi.

2011-ci ilin 7-9 aprelində gerçəkləşən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan paytaxtından dünyaya tolerantlıq mesajı oldu. Beş qitədən 80-dək ölkənin təmsil olunduğu, BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, ICESCO və digər təşkilatların dəstək verdiyi Forumun açılış sessiyası “Sərhədsiz dünyaya doğru” mövzusunda idi.

29 may – 1 iyun 2013-cü il tarixlərində Bakı “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama” mövzulu II Dialoq Forumuna ev sahibliyi etdi. 18-19 may 2015-ci ildə III Dialoq Forumu “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” mövzusuna həsr olunmuşdu. 4-6 may 2017-ci ildə Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: insan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda IV Dialoq Forumu keçirildi.

2-3 may 2019-cu ildə V Forum “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında gerçəkləşdi. Nəhayət, pandemiya ilə bir neçə il ertələnən növbəti Dialoq Forumu yenidən Bakıda toplanıb.

Qeyd edək ki, ötən müddətdə Dialoq Forumunun yer-məkanları da yenilənib. İlki “Gülüstan” Sarayında gerçəkləşən, daha sonra iki dəfə Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirlər artıq üçüncü dəfədir Bakı Konqres Mərkəzində keçirilir.

Beləliklə, “Bakı Prosesi” mədəniyyətlərarası dialoq platformasında altıncı dəfə dünya ölkələrini bir araya gətirib. Forumun açılış tədbirinin moderatoru, ABŞ-nin Corc Meyson Universitetinin professoru Alpaslan Özerdemin vurğuladığı kimi, 2008-ci ildə Prezident Əliyevin irəli sürdüyü “Bakı Prosesi” təşəbbüsü sərhədləri aşan və dünyada parçalanmanı aradan qaldırmaq məramı daşıyan uzaqgörən addım idi. Bu təşəbbüs indi dünənkindən daha da aktualdır. Azərbaycan lideri açılış tədbirindəki çıxışında da bunu diqqətə çatdırıb.

 

Lamiyə Abdullayeva,

YAP Neftçala rayon təşkilatının fəal üzvü

Bir cavab yazın