Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə – 25 milyon dollardan 100 milyon dollara qədər artıb.
Dost ölkələr olan Azərbaycanla Qırğızıstan arasında qarşılıqlı maraqlar əsasında qurulan əməkdaşlıq əlaqələri müxtəlif istiqamətlərdə uğurla inkişaf edir. Hər iki ölkədə həm dövlətlər, həm də cəmiyyətlər səviyyəsində möhkəm tarixi zəmin üzərində qurulan və artıq strateji xarakter alan münasibətlərin daha da dərinləşdirilməsinə böyük siyasi iradə və istək var. Bu baxımdan Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də ölkəmizə dövlət səfərinə gəlməsi və səfər çərçivəsində çoxsaylı tədbirlərin keçirilməsi, mühüm sənədlərin imzalanması ikitərəfli əlaqələrin genişlənməsinə yeni impuls verəcək. Buna əminliyini bildirən Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında bildirib: “Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir. Bu gün biz həm məhdud tərkibdə, həm də geniş heyətdə qarşılıqlı fəaliyyətimizin əsas məsələlərini müzakirə etdik, Dövlətlərarası Şuranın ikinci iclasını uğurla keçirdik, müvafiq idarələrin rəhbərlərinin məlumatlarını dinlədik və müvafiq tapşırıqlar verdik. Əminəm ki, bu səfər və onun nəticələri qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcək”.
“Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanata bu məsələni vurğuladı. Qeyd etdi ki, ticarət dövriyyəsi dəfələrlə artır. Potensialın artması tendensiyası da mövcuddur. Azərbaycan–Qırğız İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə – 25 milyon dollardan 100 milyon dollara qədər artıb. 100 milyon dollar da son hədd deyil. Artıq İssık-Kul gölünün sahilində Azərbaycanın maliyyələşdirdiyi beşulduzlu otelin tikintisinə başlanılıb. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirəcək. Bu qardaş dəstəyinə görə çox minnətdarıq. Bu, bizim üçün böyük əhəmiyyətə malikdir”.
Dövlət başçısı mətbuata bəyanatında energetika və nəqliyyat sahələrinin böyük potensialının olduğunun da diqqətə çatdırıldığını qeyd edib. Azərbaycan Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıdır. Həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir. Davamlı əməkdaşlığın əsas meyarlarından biri də Xəzər, Mərkəzi Asiya vasitəsilə Avropaya marşrutu təkcə məsafə nöqteyi-nəzərindən deyil, həm də kommersiya cəlbediciliyi baxımından əlverişli olmasının zəruriliyi qeyd edilib.
Xanım Kərimova,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini