Loading

Azərbaycan cəmiyyəti əsrlər boyu hər iki sivilizasiyanın, yəni, İslam sivilizasiyasının və Avropa sivilizasiyasının  dəyərlərini əhəmiyyətli dərəcədə mənimsəmişdir.

Hər bir beynəlxalq əhəmiyyətli tədbir həm ev sahibliyi edən, həm də iştirakçı ölkərin malik olduqları imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Azərbaycanın müxtəlif mövzularda beynəlxalq konfransların keçirilməsi üçün ideal məkan kimi qəbul olunması bir daha sübut edir ki, ölkəmizin hər bir sahədə təcrübəsi nümunədir, öyrənilməsinə maraq günbəgün artır. Azərbaycan dayanıqlı inkişafın davamlılığını təmin etmək üçün hər dövrün çağırışlarını yüksək səviyyədə cavablandırır. Aprelin 23-də ADA Universitetində 30 ölkədən 64 nümayəndənin iştirakı ilə keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq konfrans bir daha bu reallıqlara işıq saldı.

Dövlət başçısı İlham Əliyevin forumda çıxışı və iştirakçıların çoxsaylı suallarını ətraflı  cavablandırması həm ölkəmiz haqqında, həm də regionun gələcəyi, dünya siyasətində yeniliklərlə bağlı  geniş məlumatların əldə edilməsində zəngin mənbədir. Prezident İlham Əliyev belə görüşün ötən ilin dekabr ayının əvvəllərinə təsadüf etdiyini önə çəkərək bu müddət ərzində Azərbaycanda və ətrafda bir çox hadisələrin baş verdiyini, bütün bu hadisələrin müsbət məcrada cərəyan etdiyini diqqətə çatdırdı. Bu hadisələr sırasında Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini və sərhədlərin delimitasiyasını xüsusi qeyd edə bilərik. Həmçinin ötən ilin dekabrında mötəbər tədbirin – COP29-un ölkəmizdə keçirilməsi barədə qərar qəbul edildi. COP29 konfransına ev sahibliyi etmək beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana göstərilən böyük etimadın və dəstəyin əyani nümayişidir. Dövlət başçısı onu da bildirdi ki, COP29-a hazırlığın fəal mərhələsindəyik. COP29 bizim üçün çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir.

Forumda Azərbaycanın yerləşdiyi coğrafi məkana görə Şərqlə Qərb arasında körpü roluna da diqqət yönəldildi. Belə ki, Prezident İlham Əliyev “Həyata keçirilən əməkdaşlıq strategiyasını nəzərə alaraq, Azərbaycanı Şərq və Qərb dünyası arasında ən əhəmiyyətli körpü kimi görürsünüzmü” sualını cavablandırarkən vurğuladı ki, ən əhəmiyyətli körpü məncə çox təkəbbürlü səslənə bilər. Amma bəli, bu, bir növ mədəniyyətdir:

“Mən deyərdim, körpü ona görə ki, yerləşdiyimiz coğrafiya cəmiyyətin həyat tərzinə, əhvali-ruhiyyəsinə mütləq təsir edib. Biz Avropada və dünyanın digər yerlərində olanda özümüzü rahat hiss edirik, çünki Azərbaycan cəmiyyəti əsrlər boyu hər iki sivilizasiyanın, yəni, İslam sivilizasiyasının və Avropa sivilizasiyasının dəyərlərini əhəmiyyətli dərəcədə mənimsəmişdir. Beləliklə, şübhəsiz ki, bu yer bizə nəqliyyat əlaqələrinin qurulmasında fəal olmağı diktə edir, çünki mövqeyimizdən istifadə etməsək, heç kim bizi bağışlamaz… Təkcə dəmir yolu və limanlar tikmək kifayət deyildir. Biz ölkələr arasında körpülər qurmalıyıq.”

Azərbaycan həm yerləşdiyi coğrafi məkana, həm də düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində təqdim etdiyi inkişaf modelinə görə daim dünyanın diqqətindədir. Zaman-zaman ölkələr arasında qurulan körpülər yeni-yeni əməkdaşlığa yol açır ki, bu da  uğurlu gələcəyin təmin edilməsində əsas faktordur.

 

Şölə Bağırova,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini

Bir cavab yazın