Loading

Vaxtilə Ermənistan təkcə bizim torpaqlarımızı yox, bizim su resurslarımızı da işğal etmişdir.

Vətən müharibəsindən keçən üç ildən artıq zaman ərzində vaxtilə Ermənistanın dağıdıb məhv etdiyi su təsərrüfatımız sıfırdan qurulur. Müharibə bitəndən indiyə qədər dövlət Qarabağda və Şərqi Zəngəzurda 3 ildən artıq dövr ərzində su infrastrukturunun qurulması sahəsində genişmiqyaslı işlər aparır.

Bu müddət ərzində Şərqi Zəngəzurda və Qarabağda ermənilərinin məhv etdiyi su mənbələri və onların bərpası yönümündə görülən işlərin sayı kifayət qədərdir. Biz yazımızda bu məsələlərə toxunacağıq. Ermənistanın uzun illər işağlda saxladığı və hər zaman Azərbaycana qarşı təhdid kimi istifadə etdiyi Sərsəng su anbarı yenidən bərpa olundu.

Azərbaycan dövləti bu yerlərdəki su ehtiyatlarının, su mənbələrinin ermənilər tərəfindən məhv edilmiş izlərinin aradan qaldırılması üçün iş aparır. Burada xeyli sayda su elektrik stansiyalar tikilib. Bildiyimiz kimi, ermənilər bizim saysız su elektrik stansiyasını məhv etmişdilər, indi onların hamısı bərpa olunur.

Prezident İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində bu məsələyə toxunub: “…Vaxtilə Ermənistan təkcə bizim torpaqlarımızı yox, bizim su resurslarımızı da işğal etmişdir. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları bizim ümumi su resurslarımızın 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşan su resurslarıdır. Çünki bildiyiniz kimi, bizim əsas çaylarımız xaricdən gəlir – Kür çayı, Araz çayı, Samur çayı. Bizim əsas çaylarımız xaricdən gəlir, ona görə Qarabağın və Şərqi Zəngəzurun su resursları daxili mənbələr olduğu üçün bunun xüsusi əhəmiyyəti var. Biz qısa müddət ərzində böyük infrastruktur layihələrini icra etmişik və bu işlər davam etdirilir.

Bir müddət bundan əvvəl Ağdam rayonunda Xaçınçay su anbarının açılışı olmuşdur. Füzuli rayonundakı Köndələnçay su anbarının yaxın gələcəkdə açılışı olacaqdır. Hazırda Zabuxçay su anbarının inşası gedir. Suqovuşan su anbarı demək olar ki, yenidən qurulub və o anbardan çıxan iki kanalın biri artıq tam təmir edilib, ikinci kanal da təmir ediləcək və beləliklə, erməni işğalına görə sudan məhrum olmuş bir neçə rayona artıq su veriləcək. Yeni əkin sahələrinin həcmi 100 min hektara yaxın olacaq. Ona görə mən deyəndə ki, ən azı 500 min hektar torpağa su veriləcək, bunu nəzərdə tuturam. Nəzərə alsaq ki, Azərbaycanda suvarılan əkin sahələrinin həcmi o qədər böyük deyil, bu layihələrin xüsusi əhəmiyyəti var. Qarabağ və Şərqi Zəngəzurda digər böyük suvarma layihələri nəzərdə tutulur. Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi nəzərdə tutulur. İndi texniki-iqtisadi əsaslandırmalar hazırlanır və hesab edirəm ki, gələn ildən biz bu layihələrin icrasına da başlaya bilərik”.

Qarabağ və Şərqi Zəngəzurda bu işlər o qədər sürətlə aparılır ki, qısa müddət ərzində böyük işlər görülüb, işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası üçün ayrılan vəsait hesabına Tərtər rayonu ərazisində yerləşən Suqovuşan, Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarı, o cümlədən Tərtərçay sol sahil kanalının təmir-bərpası işləri artıq 2023-cü ildə başa çatdırılıb və istifadəyə verilib.

 

Kamran Xankişiyev,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın